17:03 02-08-2021
news_image
315
TOKİO-2020

“O, əsl ayıdır” – tarix yazan güləşçinin motivasiya mənbəyi

“Mən ona çox hörmət edirəm. O, mənim üçün motivasiya mənbəyi olub”.

Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında çempion olan kubalı Mixain Lopes Nunyes deyib.

Kişi güləşi tarixinə ilk və yeganə dördqat olimpiya çempionu kimi düşən ada təmsilçisi uğurunu əfsanəvi Rusiya pəhləvanı Aleksandr Karelinlə bağlayıb: “Mən Karelinin güləşməyinə baxırdım. Daha yaxşı olmaq istəyirdim. O, əsl ayıdır, hamımız üçün nümunədir. Biz onun görüşlərinə baxa-baxa öyrənmişik. Amma indi ən yaxşı mənəm. Baxmayaraq ki, ona böyük hörmətim var”.

Qeyd edək ki, Lopes 2008-ci və 2012-ci illərdə 120 kq, 2016-cı il və 2020-ci ildə 130 kq çəkidə qızıl medal qazanıb. Karelin isə 1988-ci, 1992-ci və 1996-cı illərdə 130 kq çəkidə qalib gəlib, 2000-ci ildə isə sensasiyalı şəkildə finalda amerikalı Rulon Qardnerə uduzub.