11:10 03-08-2021
news_image
326
FUTBOL

Tarixi matça çıxır – “Neftçi”

Avropa Liqasının bu gün keçiriləcək “Neftçi” – HİK oyunu yubileylə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, “Bakcell Arena”dakı qarşılaşma Azərbaycan klublarının bu turnirdə 250-ci matçıdır.

Əvvəl UEFA kuboku, 2009-cu ildən Avropa Liqası adlanan turnirdəki təmsilçilərimiz indiyədək 249 görüşə çıxıb. Bunlardan 46-sı yarışın əvvəlki, 203-ü indiki adı altında olub.

Turnirdəki debüt 1994-cü ildə gerçəkləşib. Avqustun 9-da İstanbulda “Fənərbaxça” ilə görüşən “Turan” biabırçı məğlubiyyət alıb. Türkiyə təmsilçisi Tovuz klubunun qapısından 5 cavabsız top keçirib.

Həmin vaxtdan indiyədək klublarımız turnirdə 71 qələbə qazanıb və 57 dəfə heç-heçə edib. 121 dəfə məğlub olan komandalarımız iki dəfə texniki nəticə ilə uduzub. Rəqib qapısına 250 qol vuran futbolçularımız 377-ni buraxıb.

249 oyundan 54-ü qrup mərhələsində olub. “Qarabağ” 36, “Qəbələ” 12, “Neftçi” 6 belə qarşılaşmada iştirak edib.

Əvvəl UEFA kuboku, sonradan Avropa Liqası adlanan yarışda Azərbaycanın 18 komandası iştirak edib. Rekord “Qarabağ”a məxsusdur – 81 oyun, “Neftçi” 40, “Qəbələ” 38, “Keşlə” 27, “Xəzər Lənkəran” 16, “Bakı” 10, “Kəpəz” 8, “Zirə”, “Karvan”, “Şəmkir”, AZAL 4, “Səbail”, “Simurq”, “Xəzri”, “MKT-Araz”, “Turan”, “Şəfa” 2, “Sumqayıt” 1 matçda iştirak edib.