13:27 03-08-2021
news_image
539
FUTBOL

Zaur Ramazanov: “Mərhələni HİK keçəcək” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq hücumçusu, hazırda futbol meneceri kimi fəaliyyət göstərən Zaur Ramazanovun apasport.az saytına müsahibəsi

- “Neftçi” bu gün Avropa Liqasının III təsnifat mərhələsində HİK-i qəbul edəcək. “Bakcell Arena”dakı qarşılaşmadan hansı nəticəni gözləyirsiz?
- Finlandiya klubunu çox yaxşı tanıyıram. Çünki onların 1-2 futbolçusu maraq dairəmdə idi. Onların Azərbaycan klublarına transferi ilə bağlı danışıq aparmışdım. Çox yaxşı komandadır. “Neftçi”yə asan olmayacaq. “Neftçi” bu gün, bəlkə də, heç qələbə qazana bilməyəcək.

- Deyirsiz ki, HİK-i yaxşı tanıyırsız. Əsas üstünlükləri nədir?
- Kollektiv şəkildə çox güclüdürlər. Məsələn, “Neftçi” oyunu Namik Ələskərovun üzərində qurur. HİK bu prinsiplə oynamır. Komanda şəklində mübarizə aparırlar. Xüsusən də, yarımmüdafiənin mərkəzində yer alan futbolçuları oyunboyu çox iş görürlər. Bunu axşamkı görüşdə siz də görəcəksiniz. Fiziki cəhətdən də çox güclüdürlər.

- “Neftçi” də avrokuboklarda artıq 4 oyun keçirib. Azərbaycan təmsilçisində çatışmazlıqlar hansılardır?
- “Neftçi” oyunu əsasən bir futbolçunun üzərində qurur. Namik Ələskərov olmayanda komandanın gücü ən azı 50-60 faiz azalır. Bəlkə daha çox. Həmçinin oyun üslubu da itir. Bundan başqa müdafiəçiləri bir-birlərini anlamır. Tbilisi “Dinamo”su ilə oyunda rəqibə nə qədər şərait yaratdılar. “Neftçi”də xətlərarası əlaqə yoxdur. Oyun zamanı kobud səhv bir dəfə olar. Amma “Neftçi”nin müdafiəçiləri eyni səhvləri dəfələrlə təkrarlayır.

- Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqib “Olimpiakos” hazır görünmürdü. Ancaq onlardan fərqli Finlandiyada çempionat davam edir. Bu amil “Neftçi”nin başını ağrıtmaz?
- HİK çempionatlarında birinci pillədədir. Şəxsən mən “Neftçi”nin bu mərhələni keçəcəyinə inanmıram. Fikrimcə, mərhələni HİK keçəcək. Çünki hər ikisinin oyununu görmüşəm.

- Namik Ələskərovun yoxluğunda “Neftçi”, demək olar ki, hücumçusuz qalıb. Avrokuboklarda belə vəziyyətdə nə qədər irəliləmək mümkündür?
- Rəhbərlik bunu əvvəlcədən fikirləşməli idi. Elə plan qurmaq lazım idi ki, heç olmasa Avropa Liqasının qrup mərhələsini hədəf kimi qarşına qoya biləsən. Hətta bir əcnəbi hücumçu transferi də kifayət etməz. Çünki futbolda zədə, qırmızı vərəqə amili var. Nəyəsə nail olmaq istəyirsənsə, heyətini genişləndirməlisən. Fikir verin, “Qarabağ” gündən-günə heyətini gücləndirir. Üstəlik, bu komanda özəyini qoruyur. “Neftçi” də Avropada uğur qazanmaq üçün öncədən işlər görməli idi. Onlar avrokuboklarda iştirakla işlərini bitirmiş sayırlar. Bu, iştirak xatirinə iştirakdır. İstənilən transferi gətirib, bir gün sonra əsas heyətdə meydana buraxmaq da mümkünsüzdür. Baş məşqçi bu məsələdə rəhbərlik qarşısında tələbkar olmalıdır.

Ruslan Sadıqov