15:18 03-08-2021
news_image
308
TOKİO-2020

“Udanda qəhrəman, uduzanda xalq düşməni olursan” - Rafiq Hüseynov

“Çox sevinirəm ki, nəhayət, Olimpiya medalını qazandım”.

Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşində Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan yığmasının üzvü Rafiq Hüseynov deyib.

77 kq çəki dərəcəsində yarışan ikiqat Avropa çempionu bürünc medal uğrunda görüşdə ermənistanlı Karapet Çalyanı məğlub edib.

33 yaşlı idmançı qarşılaşmadan sonra təəssüratlarını bölüşüb: “Bütün yarışlarda medallarım var idi, təkcə Olimpiadadan başqa. Hər dəfə bir problem çıxırdı, iştirak edə bilmirdim. Çox şadam ki, lisenziya qazanaraq, bu dəfə iştirak etdim. İdmanda erməni və ya başqa millətdən olan rəqibdə fərq qoymuram. Qələbə istənilən halda qələbədir. Əslində idmanda bu fikirlər düzgün yanaşma deyil. Ermənini udanda qəhrəman, ona uduzanda isə xalq düşməni olursan. Əsas odur ki, medal qazanmışam, bundan böyük qələbə yoxdur. Bu, atamın qələbəsidir”.

Olimpiadada mübarizəyə dünən start götürən Hüseynov 1/4 finalda məğlub olmasına belə aydınlıq gətirib: “Dünən ilk görüşüm ağır keçdi. Çünki isveçli rəqibim Aleks Kessidis son dünya çempionatının ikincisi idi. Olimpiya Oyunlarının qaydalarına əsasən, mübarizə 1/8 finaldan başlayır. Döşəyi tərk etdikdən cəmi 3 döyüş sonra yenidən qayıtdım. Təbii ki, ikinci rəqibim olan qırğızıstanlı Akjol Mahmudov da zəif uşaq deyildi. Bərpa olunmağa vaxt çatdırmadım. Çünki Mahmudovun tunisli idmançı ilə ilk görüşü yüngül olmuşdu, vaxtından əvvəl qələbə qazanmışdı. Mən isə ağır görüş keçirmişdim. Bu üzdən dünənki görüşlərim ürəyim istəyən kimi alınmadı. Amma bu gün səhvimi düzəltməyə çalışdım”.

Olimpiya üçüncüsü qalan günlərdə mübarizəyə qoşulacaq komanda yoldaşlarından da medallar gözlədiyini vurğulayıb: “Bürünc medal qızılın yerini vermir. Ancaq əsas odur ki, komandanın aktivinə medal yazdırdım. Bilirsiniz ki, güləşçilərdən çox şey gözləyirlər. Ağır artilleriyamız hələ bundan sonra yarışacaq. Millətin dediyi kimi, idmanın xüsusi təyinatlıları. İnşallah, digər güləşçilərimiz də medal qazanacaqlar”.