22:58 03-08-2021
news_image
303
FUTBOL

"Ümid edirdim ki, qol buraxmayacağıq" - Toni Koskela

“Oyun gözlədiyimiz kimi keçdi".

Apasport.az saytının məlumatına görə, bunu HİK-in baş məşqçisi Toni Koskela Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçirilən oyundan sonra deyib.

“Bakcell Arena”da baş tutan ilk görüşdə qollu bərabərə qalan (2:2) Finlandiya çempionu avqustun 12-də baş tutacaq cavab görüşünə ümidli yollanır.

Oyunsonrası mətbuat konfransında Koskela bunları deyib: “Rəqibin çox yaxşı orta sahə oyunçuları var. Yusuf Laval bu gün bizə bir neçə problem yaratdı. Üç gün əvvəl oyunumuz var idi. Bu səbəbdən həm fiziki, həm də taktiki hazırlıq baxımından çətin keçdi. Amma yenə də gözlədiyimiz kimi alındı".

- "Neftçi"ni artıq canlı izlədiniz. Cavab görüşü barədə hansı qeydləri götürdünüz, Azərbaycan klubunu sürpriz gözləyir?
- Təbii ki, hər iki komandada bəzi dəyişikliklər olacaq. Amma ümumi baxanda "Neftçi" bu gün bizə qarşı əvvəlki görüşlərdəki kimi oynadı. Amma yenə də sürpriz ola bilər.

- "Neftçi" hesabı açdıqdan sonra sanki komandanıza motor qoşdular, ardıcıl iki qol vurdunuz. Bunun səbəbi nə idi: rəqibdə boşluqlar tapdınız?
- Ümid edirdim ki, qol buraxmayacağıq. Fikrimcə, 25-30 dəqiqə ərzində çox yaxşı oynadıq, topla uğurlu rəftar edirdik. Ondan sonra hər iki komandada yorğunluq büruzə verdi. Qol oyunun gedişatını bir qədər dəyişdi. Şadam ki, komandamız dönüş edə bildi. İlk hissədə daha yaxşı oynadıq, fasilədən sonra hücum edə bilmədik. Bunun da səbəbi var. Yorğun idik.

- Fiziki cəhətdən yorğun olduğunuzu dediniz. Samir Abasov isə Finlandiya çempionatının davamının sizin xeyrinizə olduğunu demişdi. Çempionatınızın davam etməsi sizin xeyrinizədir, yoxsa ziyanınıza?
- Bir tərəfdən üstünlük, digər tərəfdən əksidir. "Neftçi"nin 5-6 həftəlik hazırlıq dönəmi oldu. Amma bizim belə imkanımız yox idi. Bir tərəfdən rəsmi oyuna çıxmaq yaxşıdır. Amma həftəsonu meydana çıxmağı nəzərə alsaq, bunu üstünlük saymıram.

- Sanki məyus görünürsünüz. Nəticə sizi nə dərəcədə qane etdi?
- Bura uğurlu nəticə üçün gəlmişik. 2:2 hesabı da qənaətbəxş nəticədir. Cavab görüşünü öz meydanımızda keçirəcəyik. Bu bizim üçün üstünlükdür. Düzdür, qələbə də qazana bilərdik və bura fərqli ab-havada gələ bilərdim.

- "Neftçi"nin vurduğu iki qol daha yaxşı idi, yoxsa komandanızın mübarizəsi?
- Rəqibin vurduğu qollar çox gözəl idi. Buraxdığımız qollar və sərgilədiyimiz oyun matçın mənzərəsi idi. Hazırda Finlandiyada hava durumu 16-18 dərəcədir. Burada isə oynamaq çox çətin idi. Finlandiyaya daha komfortlu gedəcəyik.