10:42 05-08-2021
news_image
176
TOKİO-2020

Adiləşən sensasiya – ABŞ-ın estafet dərdi

Tokio-2020 Yay Olimpiya Oyunlarının atletika yarışlarında kişilərin 4x100 m məsafəyə estafet qaçışı sensasiya ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, bu növdə əbədi favorit olan ABŞ yığması finala yüksəlməyib.

Olimpiadaya qatılan ilin ən sürətli üç sprinterinə malik şimali amerikalılar yarımfinalda mübarizəni dayandırıb. ABŞ yığması öz qrupunda yalnız 6-cı olub ki, bu da finala vəsiqə üçün yetərli olmayıb.

Bununla da amerikalıların 4x100 m estafetdəki uğursuz ənənəsi davam edib. Komanda 2000-ci ildən sonra çempionluq, 2004-cü ildən sonra medal həsrətini sürdürür.

Baxmayaraq ki, indiyədək Olimpiadalar çərçivəsində baş tutan 24 belə estafetin 15-də ABŞ qalib gəlib. Onlar ilk 20 belə yarışın 15-də çempion olduqdan sonra 4 son yarışda müxtəlif xoşagəlməzliklərlə üzləşib. Zolağı səhv salmaqdan tutmuş estafetin ötürülməsindəki xətalarla üzləşən yığma bu dəfə uğursuzluq yaşayıb.