14:18 05-08-2021
news_image
346
FUTBOL

“Karyeramda yeni səhifə başlayır” - Cavid İmamverdiyev

“Azərbaycan futbolunda Gəncənin xüsusi yeri var. Bu mənada “Kəpəz” futbolumuzun göz bəbəyi, ad qoymuş bir klubdur”. 

Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in yeni transferi Cavid İmamverdiyev deyib. 

Azərbaycan millisinin sabiq futbolçusu Gəncə klubuna keçidi ilə bağlı mətbuat xidmətinə açıqlama verib. Yarımmüdafiəçi I divizionda oynayan komandaya uğur qazanmaq üçün gəldiyini bildirib: “Sarı-göylər”in aşağı dəstədə oynaması qəbuledilməzdir. “Kəpəz” elitada çıxış etməlidir. İnşallah, bunun reallaşması üçün çalışacağıq, elə ona görə də burdayıq. Komandanı əvvəlki vaxtlarına qaytarmalıyıq. Əlimizdən nə gəlirsə, onun artığını edib kollektivin ənənəsini bərpa edəcəyik. Düşünmürəm ki, Gəncə klubuna keçməklə geri addım atmışam. Əksinə, karyeramda yeni səhifə başlayır. İnanıram ki, burada növbəti uğurumu qazanacağam. “Kəpəz”də böyük futbolçular oynayıb. Mən də bura vaxt keçirməyə gəlməmişəm. Adımı komandanın tarixinə yazdırmaq istəyirəm. Çoxsaylı azarkeşlərimizin də dəstəyi ilə məqsədimizə çatacağıq. Mənə inanan, etimad göstərən klub rəhbərliyinə, baş məşqçimiz Yaşar Vahabzadəyə minnətdaram”.