16:02 05-08-2021
news_image
433
FUTBOL

Ailədən kənarda təlim-tərbiyə və dostluqla formalaşan komanda - LAYİHƏ

Peşəkar idmançı yetişdirmək üçün hər idman növündə müxtəlif metodlardan istifadə olunur.

Apasport.az saytının məlumatına görə, fərdi idman növlərində bazaların, mərkəzlərin üzərinə yük düşürsə, futbolda bu funksiyanı futbol məktəbləri və akademiyalar daşıyır.

Futbol ölkələrində klublar illərdir akademiyaları ilə “bəslənirsə”, Azərbaycanda yeni-yeni bundan yararlanmağa başlanılıb. Son olaraq “Turan Tovuz” klubunun nəzdində FİFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfindən inşa olunmuş futbol akademiyasının açılışı ölkəmizdə də bu sahədə dünya standartlarına uyğun ilk addımların atılmasından xəbər verir.

Peşəkar futbolçu yetişdirmək üçün nəyə diqqət ayrılmalıdır?
Təbii ki, akademiya təkcə müxtəlif yaş qruplarındakı uşaqlara məşq keçməklə kifayətlənmək demək deyil. Və ya yalnız idman qurğusu, meydança və futbol oyunundan ibarət deyil. Peşəkar futbolçu yetişdirmək üçün ilk növbədə orada fəaliyyət peşəkar səviyyədə qurulmalı, yeniyetmə və gənclərin fiziki, mənəvi inkişafı üçün yüksək səviyyədə işlər görülməlidir.

Dünyanın nəhəng klublarının akademiyalarında təkcə futbola yox, təhsilə, təlim-tərbiyəyə, sağlamlığa ən incə detallarına qədər diqqət ayrılır. Bir sözlə, şəxsiyyət yetişdirilir. Azərbaycanda buna yaxın olan yeganə akademiya, şübhəsiz ki, “Qəbələ” Futbol Akademiyasıdır. Həmin akademiyanın əsas fəlsəfəsi də bura daxil olan hər bir uşağa futbolun nəzəri və prakatik yönlərini öyrətməklə yanaşı, onlarda sağlam xarakter və düşüncə formalaşdıracaq xüsusiyyətlərin aşılanmasından ibarətdir. Hər futbolçuya istedadı, fiziki və psixoloji durumu ilə xarakteri nəzərə alınaraq fərdi yanaşılır, onların sağlam xarakterli fərdə çevrilmələri üçün ehtiyacına görə proqramlar tətbiq olunur.

Əsas yük tərbiyəçinin üzərinə düşür
Peşəkar futbolçu kimi yetişməklə yanaşı, klub ənənələrinə, komanda yoldaşlarına, rəqibə hörmətlə yanaşmaq çox vacibdir. “Qəbələ” Futbol Akademiyasında beş ildir fəaliyyət göstərən tərbiyəçi Namiq Hacızadə də saytımıza açıqlamasında təlim-tərbiyənin yeniyetmə və gənclərin cəmiyyətə faydalı vətəndaş kimi yetişməsindəki rolundan danışıb. O, bu məsələlərlə daha yaxından maraqlanmaq üçün akademiyanın yataqxanasında olan Azərbaycanın bölgələrindən gələn futbolçularla birlikdə qaldığını bildirib: “Günümün əksər hissəsi onlarla keçir. Akademiyada qalan futbolçular valideyn himayəsindən uzaq olduqları üçün yataqxanada həm də valideyn funksiyasını yerinə yetirirəm. Həmin uşaqların tərbiyəsinə və təhsilinə cavabdehlik daşıyıram. Çünki valideyndən uzaq qaldıqları üçün tərbiyələrində istər-istəməz axsama ola bilər. Mən və digər müəllimlər bu axsamaların qarşısını almağa çalışırıq”.

Rejimə əməl etməyən yaxşı idmançı ola bilməz. Bu, təkcə futbol yox, bütün idman növləri üçün keçərlidir. “Qəbələ” akademiyasında da yatma-oyanma saatları, otaqların təmizliyi, qidalanma rejimi və digər məsələlər daim diqqətdə saxlanılır. Namiq Hacızadənin sözlərinə görə, pis vərdişlərdən uzaq durmaları üçün uşaqlarla müntəzəm iclaslar keçirilir, söhbətlər edilir: “Həmçinin çətin oyunlardan əvvəl oyunçularla motivasiya yüksəldən söhbətlər aparırıq. Akademiyanın divarlarına, otaqlarına əhval-ruhiyyə qaldıran sözlər yazırıq. Müxtəlif sosial fəaliyyətlərimiz, gəzintilərimiz olur. Akademiya daxilində yarışlar təşkil edirik. Dama, stolüstü tennis, “playstation” kimi oyunlar keçirilir ki, yataqxanada qalan futbolçular asudə vaxtlarını səmərəli keçirsinlər, darıxmasınlar”.

“Məqsəd əxlaqlı və yaxşı futbolçu yetişdirməkdir”
Tərbiyəçi Azərbaycan idmançılarının ən yaralı yeri olan təhsilə də münasibət bildirib. Hacızadə mütaliəyə çox yer ayırmaq üçün müxtəlif metodlardan istifadə etdiklərini vurğulayıb: “Uşaqların bədii kitablar oxumalarına, təhsillərinə fikir vermələrinə çalışırıq. Bunun üçün onlara tez-tez müxtəlif kitablar alıb, hədiyyə edirik. Dərslərini diqqətdə saxlamaqdan ötrü məktəb müəllimləri ilə müntəzəm əlaqədə oluruq. Bunun nəticəsini son illərdə görməyə başlamışıq. Məktəbi bitirən futbolçularımız artıq universitetlərə qəbul olurlar. Bunda akademiyanın rəhbərliyinin böyük zəhməti var. Çünki uşaqların təhsilinə görə hər il əlavə maliyyə yardımı edilir. İngilis dili, riyaziyyat, Azərbaycan dili və digər fənlərdən müəllimlərlə danışırıq, onlar akademiyamızda futbolçulara dərslər keçirlər. Bunun da nəticəsini görməyə başlamışıq. Qəbələ Futbol Akademiyasının əsas məqsədi Azərbaycan futboluna əxlaqlı və yaxşı futbolçu yetişdirməkdir”.

Koronavirus akademiya həkimlərinin işini artırıb
İdmanda güclü, stabil formada qalmağın təməli sağlamlıqdır. Düzdür, futbolda zədələr qaçılmazdır. Ancaq bunun üçün qabaqlayıcı tədbirlər görmək də mümkündür. Müxtəlif müayinələrlə hansısa futbolçunun xəstələnməsinin və bəzi zədədən qaçmasının qarşısını almaq olar. “Qəbələ” Futbol Akademiyasının həkimi İlkin İslamov da əməkdaşımızla söhbətində həm yeni gələnlər, həm də əvvəldən orada olan uşaqlar üçün illik tibbi müayinələr olduğunu deyib. O, məşq vaxtı futbolçulara çətinlik yaradacaq problemləri üzə çıxarmaqdan ötrü ürək, qan, ağciyər müayinəsi edildiyini, hətta uşaqlarla fərdi söhbətlər aparıldığını söyləyib: “Məsələn, yeni gələnlərdən əvvəlki zədələrini, hər hansı bir xəstəliyə görə məşqlərdən qalıb-qalmadığını, necə müalicə aldığını öyrənirik. Milliyə gedən, tətildən qayıdan uşaqlardan da bu müddətdə zədələnib-zədələnmədiyini soruşuruq. Əlbəttə ki, millinin həkimləri ilə də daim əlaqədə oluruq. Məşqlərə başlamazdan əvvəlki vəziyyəti araşdırırıq ki, görək nə dərəcədə hazırdırlar. Məşqdə zədələnən uşaqların daha irəli müayinələrə ehtiyaclarının olduğu qənaətinə gəldiyimiz zaman onları Bakıda müqaviləmiz olan xəstəxanalara göndəririk. Orada tomoqrafiya, kardioqrama, qan analizi, orqanların spesifik müayinəsi olur. Çox az halda daxili xəstəliklə bağlı onları Bakıya aparırıq. Hansısa bir xəstəlikdən sonra ağırlaşma qalsa, buna ehtiyac yaranır”.

“Qəbələ” akademiyasında həkimlər yataqxanadakı şəraitlə maraqlanır, sanitar-gigiyenik vəziyyətə nəzarət edirlər. Uşaqların vaxtlı-vaxtında yuyunmalarından, dırnaqlarının qaydasında olmasına qədər diqqətdə saxlanılır. Hətta bunların önəmi barədə onlarla söhbətlər edilir. Koronavirus xəstəliyi çıxdıqdan sonra həkimlərin işi daha da artıb. Çünki yeniyetmələrin ictimai yerlərdə maskadan istifadə, təmizliyə riayət etmələrinə də nəzarət etmək lazımdır.

Vacib amil - qidalanma
Bir çoxları üçün qəribə səslənsə də, futbolda qida ən vacib meyarlardan biridir. Bəzi məşhur futbolçular qida rejiminə düzgün riayət etmədiyi üçün karyerası puç olub. Məsələn, braziliyalı Ronaldonun vaxtilə artıq çəki ilə oynaması onun potensialını tam ortaya qoymasına mane olurdu. Hazırda “Barselona”da çıxış edən Usman Dembele isə klubun qida proqramına əməl etmədiyi üçün məşqlərdə yüklənmələri “götürə” bilmir və tez-tez zədələnir. İlkin İslamov onlar üçün əsas istiqamətin oyunçuların tələb olunan qidalarla lazımi qədər qidalanmaları olduğunu vurğulayıb: “Protein, karbohidrat, yağ, vitaminlərin qəbuluna nəzarət olunur. Hər uşağın fərqli xüsusiyyəti var. Məsələn, hansısa yeməyi biri xoşlayır, digəri bəyənmir. Aşpazlarla daim əlaqədə oluruq ki, kimin hansı yeməyi yediyini, kimin yemədiyini bilək. Bəzən bir yeməyə uşaqlarda daha çox həvəs olur. Belədə həmin yemək həftədə bir yox, 2-3 dəfə bişirilir. Bir müddət sonra onu dayandırıb, menyuya başqa yemək əlavə edirik. Marketlərdə satılan qidalardan bizdə yoxdur. Bütün yeməkləri aşpazlarımız hazırlayır və təbiidir. Yuxarı yaş qrupu olan U-19-un və əvəzedici komandanın oyunlarının sıx vaxtında normal qidanın futbolçuları doyuzdurmadığını görəndə vitaminlər və qida əlavələri verilir. Həmin vitaminlərin ziyansız olmalarına, dopinqə düşməməsinə xüsusi fikir veririk. Məşqdən əvvəl, sonra, oyundan bir gün əvvəl və sonra hansı qidanın xeyirli olduğunu araşdırırıq. Bunların hamısını aşpazlarla məsləhətləşirik. Evdə qalan uşaqların isə valideynlərini bu barədə məlumatlandırırıq. Nə zaman hansı yeməklərin verilməli olduğunu onlara deyirik. Çalışırıq ki, uşaqlar həm birtərəfli qidalanmasınlar, həm də bütün bunlar fiziki durumlarına yaxşı təsir etsin”.

“Zədələrdən qorunma, bərpa ilə bağlı fikir mübadiləsi aparırıq”
Akademiyanın həkimi zədələrin bərpası və məşqə hazırlama metodundan da bəhs edib: “Akademiyada qayda belədir ki, uşaq zədəlidirsə və məşqdən azaddırsa, məşqlərə qayıdana qədər bizim nəzarətimizdə olur. Yalnız bizim icazəmizdən sonra məşqə çıxa bilər. Sağalana qədər müalicəsi, məşqə çıxması bizim dediyimiz proqram üzrə gedir. Bu proses uşaqlarda üç gün də çəkə bilər, iki ay da. Məşqçiləri də bunu anlayışla qarşılayır, qəbul edirlər ki, zədəlidirsə, ən yaxşısını həkim bilir. İndiyə qədər bu baxımdan heç bir problemimiz olmayıb. Zədələrin qarşısının alınması üçün həm internetdə araşdırmalar aparırıq, həm də ilin sonunda hansı yaş qrupunda uşaqların hansı zədədən daha çox əziyyət çəkdikləri ilə bağlı siyahı ortaya çıxarırıq. Bir neçə illik nəticəni bir araya gətirib, qənaətə gəlirik ki, hansı yaş qrupundakı uşaqlar nə tip zədəyə daha çox meyllidir. Məsələn, bir yaş qrupunda diz zədələri çox olur, məşqçilərlə bu barədə söhbətlər edirik. Hər birimiz öz sahəmizə uyğun uşaqları bu zədələrdən qorumağa çalışırıq. Məşqçilərlə vaxtaşırı seminarlar keçiririk, zədələrdən qorunma, bərpa ilə bağlı fikir mübadiləsi aparırıq”.

Daha çox azyaşlılıarın evlərində yaşadıqlarını deyən İlkin İslamov qidalanma, zədədən qorunma, zərərli vərdişlər, dopinq, ilkin tibbi yardımla bağlı ildə bir neçə dəfə uşaqlarla seminarlar təşkil edildiyini deyib. Onlara məşqdən əvvəl nələrə diqqət yetirmələri, məşqdən sonra necə istirahət etmələri, nə qədər su qəbul etmələri başa salınır, buts, paltar seçimi ilə bağlı məsləhətlər verilir: “Koronavirus pandemiyası çıxana qədər bunları daha rahat edirdik. Bunu nəzərə alıb son vaxtlar iki-iki, üç-üç fərdi söhbətlər aparırıq. Əsasən də, yeməklərlə bağlı onlara məsləhətlər veririk. Uşağın hansısa yeməkdən xoşu gələ bilər, amma məsləhət deyilsə, ona bunun zərərlərini izah edirik”.

Hər şey dostluq prinsipi ilə həll olunur
Akademiyanın həkiminin sözlərinə görə, futbolçularla möhkəm dost münasibəti qurmaq onların əsas prinsipidir: “Çünki uşaq bəzən utandığı, çəkindiyi üçün xəstəliyi, problemi barədə evdə valideyninə məlumat verə bilmir. Amma onu mütləq bizə deməlidir ki, vaxtında tədbir görə bilək. Buna görə də aramızda həkim-xəstə yox, dost münasibəti yaratmağa çalışırıq. Sevinirəm ki, bunu bacarmışıq. Çünki uşaqlarla bağlı hər şeydən xəbərdar oluruq. Onlarla münasibəti məşqçilərdən fərqli qururuq. Məşqçilərlə aralarında müəllim-şagird münasibəti formalaşması normaldır. Ancaq bizə böyük qardaş gözü ilə baxırlar, sirlərini də deyirlər. Təzə gələn uşaqlarla vəziyyəti bu səviyyəyə gətirmək üçün altı ay, bir il vaxt lazım olur. Çox ifrata getmədən zarafatlar da edirik ki, özlərini sərbəst hiss etsinlər”.

Ruslan Sadıqov

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur