16:43 05-08-2021
news_image
174
FUTBOL

Rekord transfer baş tutdu – Premyer Liqada

“Mançester Siti” israrla transfer etmək istədiyi Cek Qrilişin keçidini, nəhayət ki, həll edib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa çempionu “Aston Villa”nın tələbini qarşılamağa razılıq verib.

İngiltərə millisinin üzvü ilə 5 illik şəxsi müqaviləni razılaşdıran “şəhərlilər” Birmingem klubu ilə də ortaq məxrəcə gəlib. Anlaşmaya əsasən, “Mançester Siti” qarşı tərəfə 117 milyon avro ödəyəcək ki, bu da Premyer Liqa tarixinin ən bahalı transferidir. Qriliş bununla 2016-cı ildə “Yuventus”dan 105 milyon avroya “Mançester Yunayted”ə keçən Pol Poqbanın rekordunu yeniləyib.

26 yaşlı yarımmüdafiəçi eyni zamanda tarixin ən bahalı ingiltərəli oyunçusuna çevrilib. Buna qədər rekord 2019-cu ildə “Lester”i 87 milyon avro müqabilində “Mançester Yunayted”ə dəyişən Harri Maquayra məxsus olub.

Qeyd edək ki, Premyer Liqa klublarının ölkə xaricinə satdığı ən bahalı oyunçu 2017-ci ildə “Liverpul”u 135 milyon avro qarşılığında “Barselona”ya dəyişən Filipp Koutinyodur. Dünyanın ən bahalı oyunçusu isə Neymardır. O, həmin il “Barselona”dan 222 milyon avroya PSJ-yə keçib.