22:00 06-08-2021
news_image
345
FUTBOL

Messinin komandadan ayrılmasının səbəbi – prezident açıqladı

“Messi ilə yeni 5 illik müqaviləyə və maaşının 50 faiz azaldılmasına razılaşmışdıq. Ancaq maliyyə feyr-pleyi bunun reallaşmasına imkan vermədi”.

Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın prezidenti Joan Laporta kapitan Lionel Messinin komandadan ayrılmasına münasibət bildirərkən deyib.

Laporta keçirdiyi mətbuat konfransında argentinalı superulduzun ayrılmasında keçmiş rəhbərliyi və La Liqanı günahkar bilib: “Klubun maddi durumu bərbaddır. Əmək haqları gəlirimizin 110 faizini təşkil edir. Bu səbəbdən maddi cəhətdən çevik ola bilmərik. Borc gözləniləndən çoxdur. Bu üzdən Messi ilə yeni müqavilə təsdiqlənə bilməz. İki gün əvvəl Messi və atasına məlumat verdim ki, vəziyyət qəlizdir, alınmır. Dünən də son görüşümüz oldu, razılıq əldə etdik. Amma La Liqanın tələbləri ilə düz gəlmədi. La Liqa rəhbərliyi anlayış göstərmədi. Nəticədə Messini qeydiyyata ala bilmədik. Leo ilə müqaviləmizi qəbul etmədilər”.

Laporta hətta 34 yaşlı futbolçunun ayrılmasının da onların maliyyə durumunu düzəltmədiyini söyləyib: “Messisiz maaş limitimizdə azacıq boşluq yarandı. Ancaq yenə də vəziyyət asan deyil. Axı maaş limitini keçmişik. La Liqa qaydaları dəyişmədiyi üçün Leonu saxlaya bilmədik. Hər kəsdən üzr istəyirəm. Ancaq “Barselona”nı ayaqda saxlamaq üçün əlimizdən gələni etdik. Messi bu müddətdə hər cür fədakarlıq etdi. O, klubun tarixində əbədi qalacaq”.

Qeyd edək ki, azad agent statusu daşıyan Lionel Messinin PSJ-yə keçidi gözlənilir.