16:09 07-08-2021
news_image
907
TOKİO-2020

Əliyev gümüş, Stadnik bürünc qazandı, Şərifov uduzdu - YENİLƏNİB

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, son olaraq sərbəst güləşçilərimiz medal üçün yarışıblar.

Kişilərdən Hacı Əliyev final qarşılaşmasına çıxıbsa, Şərif Şərifovla qadın güləşçimiz Mariya Stadnik isə bürünc medal uğrunda mübarizə aparıb. Onlardan ilk ikisi məğlubiyyət acısı yaşadığı halda, Stadnik Olimpiadada növbəti medalına sevinib. 

7 avqust
Sərbəst güləş
Kişilər
65 kq

Bir gün əvvəl Adama Dyatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan) və Bayranq Bayranqı (Hindistan) çətinlik çəkmədən məğlub edən Hacı Əliyev Tokio-2020-də Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırmağa çalışacaq. Üçqat dünya və üçqat Avropa çempionumuz həlledici görüşdə yaponiyalı Takuto Otoquro ilə qarşılaşıb. Təəssüf ki, görüş rəqibin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə Əliyev çıxışını gümüş medalla başa vurub. 

97 kq
1/8 finalda Abdulrəşid Sadulayevə uduzan Şərif Şərifov rusiyalı idmançının finala qədər irəliləməsi səbəbindən təsəlliverici görüşə qatılıb. Olimpiya çempionumuz bürünc şansını davam etdirmək üçün Elizbar Odikadze (Gürcüstan) ilə üz-üzə gəlib. Şərifov gərgin keçən qarşılaşmanı 7:5 hesabı ilə aktivinə yazıb. O, üçüncü yer uğrunda kubalı Reyneris Salası sınağa çəkib. Lakin bu dəfə rəqib üstün olub. Görüş 3:3 hesabı ilə yekunlaşsa da, sonuncu xal prinsipinə əsasən Salas 3-cü yeri tutub. Şərif isə mübarizəni 5-ci yerdə bitirib. 

Qadınlar
50 kq

Dünən yarımfinalda məğlub olan Mariya Stadnik bürünc medal uğrunda yarışacaq. Üçqat olimpiya mükafatçımız saat 15:55-də xalça üzərinə çıxacaq. O, bürünc görüşündə Namuuntsetseq Oçiri (Monqolustan) sınağa çəkib. Görüş Mariyanın asan qələbəsi ilə yekunlaşıb - 10:0. Stadnik bununla Olimpiadada çıxışını bürünc medalla bitirib. 

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıbsa, İslam Abbasov (87 kq), həmçinin sərbəst güləşçi Turan Bayramov (74 kq) və qadın güləşçisi Elis Manolova (68 kq) mübarizəni dayandırıb.