16:56 07-08-2021
news_image
435
TOKİO-2020

“Olimpiya çempionluğu üçün çox əziyyət çəkmişdim” – Hacı Əliyev

“Final üçün hər şeyi düzgün qurmuşdum. Hətta deyərdim ki, rəqibi fiziki cəhətdən çox zəif idi”.

Apasport.az saytının məlumatına görə, bunu Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan yığmasının sərbəst güləşçisi Hacı Əliyev deyib.

65 kq çəki dərəcəsində finalda yaponiyalı Takuto Otoquroya məğlub olaraq gümüş medal qazanan təcrübəli güləşçimiz çıxışını dəyərləndirib: “Rəqibin ayağıma girəcəyini bilirdim. Görüşün əvvəlindən 5-6 dəfə buna cəhd göstərdi, ayağımı vermədim. Amma son saniyələrdə xal verdim. Yaponiyalı idmançı heç nədən tez-tez görüşü saxlayırdı ki, guya zədə alıb. Güləşə zidd hərəkətlər də çox edirdi. Gah kəllə vururdu, gah cırmaq atırdı. Bunlar güləşdə olan şeylərdir. Olimpiya çempionluğu üçün çox əziyyət çəkmişdim. Deməli, qismətimdə gümüş medal var imiş”.

Əliyev hakimlik barədə də fikirlərini bölüşüb: “Güləşdiyim anda elə görünürdü ki, mənim də aktivimə 2 xal yazılmalıdır. Amma məncə, hakimlər düz qərar verdilər. Deməzdim ki, ədalətsiz qərar verdilər. Sadəcə, sona yaxın rəqib qaçırdı. Mənə elə gəlir ki, illərdir verilən tapşırığı layiqincə yerinə yetirə bildim”.

30 yaşlı Avropa və dünya çempionu növbəti Olimpiadaya qatılmayacağını istisna etməyib: “Bu, bəlkə də, son Olimpiadamdır. Heyfsilənmirəm, şükür Allaha ki, medal qazana bildim”.

Qeyd edək ki, Əliyev Rio-2016-da bürünc medal qazanıb.