22:01 07-08-2021
news_image
248
FUTBOL

"Qəbələ" ilə bacaramadı - "Sabah"

2021/22 mövsümünün hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının startı ərəfəsində “Sabah”la qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən görüş məhsuldar alınıb. İlk 45 dəqiqədə qapılara üç qol vurulub. Meydan sahibləri matçın əvvəlində iki dəfə fərqlənib. Fasiləyədək bu toplardan birinin əvəzini çıxan “Qəbələ”nin heyətində Murad Musayev fərqlənib.

İkinci hissənin əvvəlində Nicat Mehbalıyev rəqibin penalti zərbəsini dəf edib. Ardınca Rövlan Muradov hesabda tarazlıq yaradıb. O, hissənin ortalarında dublunu rəsmiləşdirərək "Qəbələ"ni hesabda önə çıxarıb. Matçın sonlarında penalti zərbəsini dəqiq yerinə yetirən İsnik Alimi fərqi iki topa çatdırıb. Beləliklə, “qırmızı-qaralar” hazırlıq çərçivəsindəki dördüncü oyununda 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Qəbələ” bunadək Bakı toplanışında üç oyun keçirib. Onlar “Zirə” (0:3, 2:1) və “Səbail”lə (3:2) görüşüb.