15:04 09-08-2021
news_image
560
TOKİO-2020

Gözlə bizi Paris - daha güclü gələcəyik!

Tokio-2020 Yay Olimpiya Oyunları başa çatdı. Koronavirus pandemiyasından bu yana ilk dəfə bütün dünya bir yerdə oldu. 16 gün ərzində 339 dəst medal öz sahibini tapdı. Lider ölkələr demək olar ki, proqnozları doğrultdu. ABŞ millisi son gündə birinci pilləni ələ keçirib, Çinin hələ də onlardan zəif olduğunu ortaya qoydu. Hətta medal siyahısında adlarını belə tələffüz etməkdə çətinlik çəkdiyimiz bəzi ölkələr də özlərinə yer tapdılar. 

Maraqlıdır, bəs Azərbaycan yığması Tokio-2020-də ümidləri doğrultdumu? Komandamızdan nə gözləyirdik, onlar necə çıxış etdilər? Millimizin real gücü budurmu?

Bu suallara birmənalı cavab vermək çətindir. Amma fakt odur ki, cəmiyyətimiz uğurlu çıxış gözlədiyi halda, nəticəmiz qeyri-qənaətbəxş oldu. Ən azı ona görə ki, Olimpiya komandamız müstəqil ölkə kimi qatıldığı ilk Oyunların medal siyahısında indikindən yuxarı pillədə qərarlaşmışdı. Bu gün Tokio-2020-ni 67-ci pillədə bitiririksə, Atlanta-1996-da 61-ci olmuşduq. Düzdür, medallarımızın sayında müsbət irəliləyiş var. Amma Yaponiyada 3 gümüş və 4 bürünc medal qazanan yığmamız ABŞ-da 1 gümüş medala sahib olan komandamızdan geridədir. İndiyədək qatıldığımız Olimpiadalara nəzər salsaq, bu geriləmə tək millimizin mövqeyində deyil. Çünki Tokio-2020-yədək yığmamız həm iştirakçı, həm də medal sayında yüksəlişlə diqqət çəkirdi. Məsələn, Atlanta-1996-ya 23 idmançı ilə yollanan komandamız Rio-de-Janeyro-2016-da bu sayı 56-dək artırmışdı. Braziliyada 18 medala yiyələnmişdik ki, heç həmin yarış öncəsi mütəxəssislər bu qədər mükafatın olacağını belə proqnozlaşdırmırdılar. Amma digər nəhənglərlə müqayisədə cəmi 10 milyonluq Azərbaycan üçün bunun həmişə yüksələn xətlə getməyəcəyi gün kimi aydın idi. Çünki bu uğurlu seriya nə vaxtsa qırılmalı idi ki, bu da Tokioda baş verdi. 

Öncə lisenziya sayımız, hətta çıxış edəcəyimiz idman növlərinin sayı azaldı. Ardınca bu azalma özünü medal sayında, əyarında da göstərdi. Bu geriləmədə bəzi mütəxəssislər, hətta federasiyalar koronavirus pandemiyasını əsas gətirirlər. Bəli, biz də buna müəyyən mənada haqq qazandırıq. Təxminən son il yarımda pandemiya uğurlarımızda ciddi problemlər yaratdı, yığmalarımız istənilən səviyyədə təlim-məşq toplanışı keçə bilmədilər, beynəlxalq yarışlara qatılmadılar. Hətta bir müddət zallara belə həsrət qaldılar. Amma Olimpiadanın olacağını nəzərə alan hökumət tezliklə onlara lazımi şəraiti yaratdı. Bir çox komandalarımız Tokio-2020 öncəsi xaricdə hazırlıq keçdi. Deməli, pandemiya tutarlı bəhanə ola bilməz. Çünki bu problemlə təkcə Azərbaycan idmançıları qarşılaşmamışdı. Hər bir ölkədə vəziyyət demək olar ki, eyni idi. Uzağa getməyək, elə qonşu Gürcüstanı götürək. Onlar Oyunları 2 qızıl, 5 gümüş və 1 bürünc medalla bitirək göstərdilər ki, pandemiya heç kimə bəhanə sayılmamalıdır. Yaxud postsovet ölkəsi olan Özbəkistan 3 qızıl və 2 bürünc medalla belə problemin üstündən xətt çəkdi. Bu, səbəb kimi səbəb ola bilər, amma heç bir halda uğursuz nəticəmiz üçün əsas deyil. 

Digər prizmadan yanaşsaq, yenə də komandamızın gözləntiləri doğrultmağının şahidi oluruq. İdmana, idmançılara dövlət dəstəyi, maddi-texniki bazanın möhkəmləndirilməsi, bir sözlə, hər şəraitin yaradıldığı halda ümidləri doğrultmalı idilər. Çünki komandamız Yaponiyaya qalib ölkənin qalib yığması kimi yollanmışdı. Bu məsələyə də toxunmağımız da səbəbsiz deyil. Ötən il dövlətimiz üçün əsas prioritet Vətən müharibəsində qələbə qazanmaq idi ki, bunu da cəmi 44 günə həll etdik. Bütün imkanlarımızı buna yönəltmişdik. Azərbaycan üçün taleyüklü il oldu, dövlətimiz və xalqımız bütün qüvvəsini torpaqların işğaldan azad edilməsinə yönəltdi. Rəşadətli ordumuz döyüş meydanında tarixi qələbə qazandı, qarşımızda duran ən ağır məsələ həll olundu. Halbuki bunadək idmandakı kiçik uğurlarımızla təsəlli tapırdıq. Məsələn, hansısa güləşçimiz, yaxud cüdoçu və ya boksçumuzun ermənilər üzərindəki qələbəsinə sevinirdik. İndi isə dövlət, xalq, cəmiyyət kimi Qarabağ qalibiyyətimizə sevinirik. Yenə bu da heç bir federasiyaya, idmançıya əsas vermir ki, onlar digər bir cəbhədə - idmanda məğlubiyyətlə üzləşsinlər. Tokioda Azərbaycan himnini səsləndirməsinlər. Orda da qalib gəlmək lazım idi. İndiyədək ən zəif nəticə göstərdiyimiz Olimpiadadır. Çünki Sidney-2000-dən bu günədək Azərbaycan Yay Olimpiya Oyunlarının hamısında qızıl medal sevinci yaşayırdı. 21 illik ənənənin qırılması federasiyalar üçün bir SOS hesab olunmalıdır. Federasiyalar, federasiya rəhbərləri, idmançılar, məşqçilər bundan nəticə çıxarmalıdırlar. Sidney-2000, Afina-2004, Pekin-2008, London-2012 və Rio-2016-dan sonrakı eyforiyaya qapılmamamlıyıq. Səhvlər araşdırılmalı, nəticə çıxarılmalıdır. Əgər bu problem vaxtında həll olunmasa qarşıdakı illərdə daha çox uğursuzluqlara şahidlik edə bilərik. Əsas məqam isə ölkəmizdə ənənəsi olan idman növlərinə xüsusi diqqət yetirilib, nəticə tələb olunmalıdır. Qarşıda isə cəmi 3 il qalıb. Əvvəlki yarışlarla müqayisədə növbəti Olimpiadaya hazırlıq üçün vaxt daha azdır. Olimpiya Hərəkatının yaradıcısı Pyer de Kubertinin şüarı ilə Olimpiadada bizim üçün qeyri-ənənəvi növlərdə də iştiraka diqqət yetirməliyik. Bacardıqca həmin növlərdə də inkişafa nail olmaq mümkündür. Necə ki, bu dəfə Azərbaycan badmintonda ilk dəfə Olimpiadada təmsil olundu. Həmin növlərdə yığmalarımız tarixən turist kimi Oyunlara qatılıblarsa, artıq onlardan da hesabat tələb etməyin vaxtıdır. 

İstənilən halda, idmançılarımız, idman federasiyalarımız nəticəyönümlü fəaliyyəti gücləndirməli, daha məqsədyönlü olmalı və buraxılmış imkanlardan nəticə çıxarmalıdırlar. Yığmamız növbəti – Paris-2024, istərsə də Avropa Oyunları, dünya və qitə çempionatlarında Tokio-2020-dəki zəif nəticənin revanşını almalıdır. Çünki artıq onların cəmiyyətimizə belə bir borcu var. 

İnanaq ki, idman ölkəsi kimi dünyada, beynəlxalq federasiyalarda imicimizi qorumaqla kifayətlənməyəcəyik. Daha güclü olacağıq, həmişəki kimi inamı daha da artıraraq, beynəlxalq təşkilatların etimadları sayəsində növbəti mötəbər yarışlara ev sahibliyi edəcəyik. Qarabağ, Şuşa zəfərimizi 2024-cü ildə Ermənistana rəğbəti ilə seçilən Fransada, onun paytaxtı Parisdə təşkil olunacaq XXXIII Yay Olimpiya Oyunlarında təkrarlamalıyıq. Qoy bütün dünya görsün ki, Azərbaycan hər sahədə nəyə qadirdir.