16:39 09-08-2021
news_image
1631
FUTBOL

Namik Ələskərov üçün ümid – “Fənərbaxça”

“Bursaspor”un gənc hücumçusu Burak Kapacak “Fənərbaxça”ya keçib.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı forvard İstanbul nəhənginin son 6 ildə “timsah”dan aldığı 6-cı oyunçu olub.

Bu, “Neftçi”dən “Bursaspor”a keçməyə hazırlaşan Azərbaycan millisinin hücumçusu Namik Ələskərov üçün də yeni ümid və stimul ola bilər.

“Fənərbaxça”nın Buraka qədər son illər “Bursaspor”dan aldığı oyunçular bunlardır:

Joze Fernandao
2014/15 mövsümündə 22 qolla Super Liqanın bombardiri olan braziliyalı artıq növbəti mövsümü “Fənərbaxça”da keçirdi. Braziliyalı “sarı-lacivərdlilər”in heyətində 104 matçda 50 qol, 3 assistlə yadda qaldı.

Ozan Tufan
Türkiyə millisinin üzvü 2015-ci ildə 7 milyon avro qarşılığında Bursanı İstanbula dəyişdi. Bir ara komandadan ayrılacağı bildirilsə də, yenidən əvvəlki formasını bərpa edən Ozan “Fənərbaxça”nın aparıcı simalarındandır.

Volkan Şen
Volkan da Fernandao və Ozanla birlikdə “Fənərbaxça”nın yolunu tutdu. “Bursaspor”un heyətində 12 qol, 11 assistlə diqqət çəkən futbolçu “Fənər”də iki il qaldı. Bu müddətdə 76 oyuna çıxan Şen 8 qol vurdu, 13 məhsuldar ötürmə verdi.

Şener Özbayraklı
2015-ci ildə “Fənər”in formasını geyinən daha bir “Bursaspor”lu. Türkiyə yığmasına qədər yüksələn sağ cinah müdafiəçisi 4 il İstanbul nəhəngində qaldı, 5 qol, 14 assistlə komandaya kömək etdi.

Harun Tekin
Bursaslılar qolkiperi 2018-ci ildə 2 milyon 750 min avroya “sarı-lacivərdlilər”ə satdı. İlk mövsümündə çərçivəni qorusa da, sonradan heyətdəki yerini itirdi və bu yay “Kasımpaşa”ya keçdi.