17:15 09-08-2021
news_image
483
FUTBOL

İran millisinin müdafiəçisi təklif olundu – “Sabah”a

Yay fasiləsində əsasən hücum xəttini gücləndirən “Sabah” müdafiə xəttinə də əl gəzdirmək niyyətindədir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı klubunun, xüsusən də, müdafiənin mərkəzinə axtarışları davam edir.

Ruslan Abışov, Filip İvanoviç və Bəhlul Mustafazadə kimi futbolçuların gedişindən sonra yalnız Zurab Oçiqava və Bəxtiyar Həsənalızadənin ümidinə qalan baş məşqçi Ramin Quliyevə menecerlər tərəfindən bir neçə oyunçu təklif olunub. Onlar arasında İran millisinin futbolçusu Xoca Xəlilzadə də var.

Ölkəsində bir neçə klubda çıxış edən 32 yaşlı mərkəz müdafiəçisi ötən il “Persepolis”dən Qətər klubu “Əl-Rayyan”a keçməklə ilk dəfə legioner həyatı yaşayıb. Xəlilzadənin qətərlilərlə müqavilə müddəti gələn ilin yayına qədər olsa da, futbolçu orada qalmaq istəmir. Onun xidməti bir neçə Avropa klubu ilə yanaşı, “Sabah”a da təklif olunub.

Qeyd edək ki, Xoca Xəlilzadə bu il İran millisinin heyətində DÇ-2022-nin Asiya zonası üzrə seçmə mərhələ matçlarında iştirak edib.