14:26 10-08-2021
news_image

Ruslan Maşurenko: “İşimə görə xəcalət çəkmirəm” - MÜSAHİBƏ

Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Ruslan Maşurenko Ukrayna mətbuatına müsahibə verib.

Apasport.az saytının məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuzluqdan sonra istefaya göndərilən mütəxəssis yarış barədə də danışıb.

- Siz Tokioya ən çoxsaylı kişilərdən ibarət Azərbaycan olimpiya yığmasını aparmışdınız...
- Bəli, bu bizim üçün tutarlı nəticədir. Azərbaycan tarixində ilk dəfə belə hadisə oldu. Biz qarşımıza 7 lisenziya qazanmaq hədəfi qoymuşduq və bunu bacardıq. Federasiya, məşqçilər, idmançıların və bütün komanda tərəfindən böyük iş görülüb. Olimpiya lisenziyaları elə-belə alınmır.

- Buna necə nail olduz?
- Mənim Azərbaycandakı işim 2018-ci ildə başlayıb. Müqavilə olimpiya tsiklinə nəzərdə tutulmuşdu. Pandemiya üzündən əlavə bir il işlədim. Bütün bu müddətdə, COVİD-19-la bağlı ən çətin problemlər olanda da komanda ilə birgə olmuşam. Biz işləyir, formamızı saxlayır, məşq edirdik. Mən Azərbaycan millisinə gələndə daxilində münasibətlərin yaxşı olmadığı komanda idi. Psixoloji iş çox vaxt və enerji apardı. Amma məşqçilər korpusu kollektivi birləşdirmək, yaxşı ab-hava yaratmağı bacardı və normal iş prosesi qurdu. Bu işdə 2019-cu ildə məşqçilər korpusuna qoşulan tanınmış Azərbaycan cüdoçusu Elxan Məmmədovun böyük köməyi oldu.

- Amma yekunda Azərbaycan yığması Tokiodakı Oyunlarda medalsız qaldı...
- Bəli, bu faktı qəbul etmək lazımdır. Perspektivli cüdoçulardan ibarət bütöv bir nəslin Olimpiadaya yüksəlməsi kimi müsbət təcrübə qazansaq da, bu resursu medallara çevirə bilmədik. Cüdo federasiyası bizi hər şeylə təmin edir və yığmanın hazırlıq üçün zəruri olan hər şeyin yaradılması üçün maksimum səy göstərirdi. Hər şey cüdonun aparıcı ölkələri – Yaponiya, Fransa və Rusiya səviyyəsində edilirdi. Proses zamanı göstərdiyimiz nəticə də federasiyasının bütün qoyuluşlarını təsdiqləyirdi. Qran-Pri, Böyük Dəbilqə, Masters turnirləri, dünya və Avropa çempionatlarından komandamız medallar gətirirdi. Bütün göstəricilərdə komanda yaxşı səviyyədə hazır idi. Heç kim hətta ehtimal belə edə bilməzdi ki, Azərbaycan kişi cüdosunda medalsız qala bilər. Biz 2-3 mükafata ümid edirdik. Komandadakı ab-hava yaxşı idi. Bütün idmançılar əla əhval-ruhiyyədə, yaxşı formada idi. Nəhəng istək var idi. Çalışdığımız hazırlıq planı Azərbaycanın təcrübəli çox cüdo məşqçilərinin yer aldığı federasiya yanındakı Şura tərəfindən təsdiqlənmişdi. Olimpiya öncəsi Xorvatiyadakı beynəlxalq toplanışda komandamız Çexiya, Gürcüstan, Kosovo, Macarıstan, Özbəkistanla birgə məşq edirdi. Onlar ümumi fonda rəqabətədavamlı və mübarizəyə hazır görünürdülər. Bu da bizim düzgün yolda olduğumuzu göstərirdi. Nəticədə qeyd etdiyim bütün komandaların Tokioda medalları oldu, bizim isə yox.

- Şəxsən özünüz üçün hansı nəticələr çıxarıdız? Ola bilsin ki, nəyin düz getmədiyini müəyyənləşdirmisiz?
- Biz Tokioya uyğunlaşma üçün uzun müddət seçərək starta 12 gün qalmış gəldik. Bu, bizim Yaponiyadakı əvvəlki çıxışımıza əsasən belə edilmişdi. Əvvəllər idmançılar məhz bu qədər müddətə özünə gəlirdi. Uyğunlaşma müddətində idmançıları yaxşı fiziki tonusda saxlayır, eyni zamanda mübarizə ərəfəsində psixoloji durumu gərginləşdirmirdik. Amma starta yaxın psixoloji gərginlik artdı və məşqçilər də, idmançılarda məsuliyyətin nəhəng yükünü hiss etdilər. Azərbaycan üçün cüdo – prioritet idman növlərindən biridir. Bəzən fanatik dəstək nəhəng təzyiq yaratmaq xüsusiyyətinə malik olur. Bu məsuliyyətə personalın xırda razılaşdırılmamış hərəkətləri də əlavə olundu. Fikrimcə, start öncəsi həyəcan və bəzi bəxtsizlik rol oynadı. İndi bütün ehtirasların səngiməsi lazımdır. Sonradan səbəbləri dərindən analiz etmək olar. Nəticələr çıxarmaq və səhvləri təkrarlamamaq lazımdır. Kritik düşüncə və işə münasibət, ayıq analiz – bunlar məşqçi işinin uğurunun əsaslarıdır. Buna görə də qarşıda səhvlər üzərində böyük iş var. Mənim istefam qanunauyğunluqdur. Amma biz hamımız – həm məşqçilər korpusu, həm idmançılar bütün ürəyimizi işə qoymuşduq.

- Siz rəqiblərlə bağlı bəxtin gətirmədiyini nəzərdə tutursunuz?
- Rəqiblərlə haqq qazandırmaq olmaz. Amma kartlar xeyrimizə deyildi. Özü də total şəkildə. Ümid etdiyimiz ən ciddi üç idmançımız – 73 kq, 90 kq və 100 kq çəkilərdəki idmançılarımız özləri üçün ən münasib olmayan rəqiblərlə düşdü. Belə uğursuz bölgü onları üzdü. 73 kq çəkidə Rüstəm Orucov 1/4 finalda  gələcək çempion yaponiyalı Şohei Onoya uduzdu. Bürünc görüşündə Rüstəm koreyalı Çanqruim Ana məğlub oldu. 90 kq çəkidə köhnə xoş olmayan ənənə var ki, Məmmədəli Mehdiyev daim rusiyalı Mixail İqolnikova uduzur. Ona yenə də həmin münasib olmayan rəqib düşdü. Beləliklə, yığmanın əsəb sistemini eyni vaxtda qıcıqlandıran xeyli sayda məqamlar toplandı. Əgər yığmanı uğurlara ilhamlandıran hər hansı uğurlu axar olsaydı, ümumi vəziyyət sabitləşərdi.

- Bəs koronavirus sizə heç təsir etmədi?
- Yaponiyada bununla bağlı problem olmadı. Amma Orucovla Mehdiyev hazırlıq dövründə xəstələndi. Rüstəmin hətta ağciyərlərində bir az yoluxma var idi. Buna görə də yazda biz onları Avropa və dünya çempionatına aparmadıq. Amma Olimpiada öncəsi hamısı əla kondisiyalarda idi. Sadəcə həmin Orucov top rəqiblərə düşdü və bürünc qarşılaşmasının sonunda çox ciddi səhv etdi. Hərçənd turnirə əsasən çox layiqli mübarizə nümayiş etdirmişdi.

- Ümumilikdə Azərbaycan yığması ilə iş dövrünü necə qiymətləndirirsiniz?
- Mənim yığmadakı fəaliyyətim dövründəki nəticə və nailiyyətlərə əsasən məşqçi kimi işimə görə xəcalət çəkmirəm. Mən nəticə üçün işləmişəm. Hesab edirəm ki, məşqçilər korpusu özü ilə komandaya burada qalacaq biliklər, iş prinsipləri və nəticələr gətirə bilib. Əminəm ki, bu resurs gələcəkdə Azərbaycan yığmasına kömək edəcək. Gedirəm, səmimi olaraq Azərbaycan cüdosuna yüksək səviyyədə qalmağı, daha çox inkişaf etməyi arzulayıram. Bu ölkənin yeni uğurlarına səmimi sevinəcəyəm.