15:28 10-08-2021
news_image

Mövlud Mirəliyev: “Qarşımızda çox ağır missiya durur” - MÜSAHİBƏ

Kişi cüdoçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Mövlud Mirəliyevin apasport.az saytına müsahibəsi

- Millinin baş məşqçisi postuna təyinatınız necə reallaşdı?
- Federasiya bizə etimad göstərdi, bu posta məsləhət gördü. Biz də bu inamı doğrultmağa çalışacağıq. Bildiyiniz kimi, dörd ildən bir yeni baş məşqçi təyin olunur. Özünü doğruldan qalıb işini davam etdirir, doğrultmayan da ayrılır. Bizi dəvət etdilər, razılıq verdik.

- Qarşınıza hansı məqsədlər qoyuldu?
- Qarşımıza qoyulan tələb də yüksək nəticə verməkdir. Komandanın səviyyəsini qaldırmağa çalışacağıq. Qarşımızda çox ağır missiya durur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.

- Yığmanı indiki durumdan çıxarmaq sizə çətin olmayacaq?
- Nə qədər çətin olsa da, öhdəsindən gəlməliyik. Asan iş yoxdur. Gənc cüdoçularımız var. Onların üzərində işləyəcəyik.

- Heyətdə gəncləşdirmə aparmağa ehtiyac duyursuz?
- Bilirsiz ki, qərara əsasən, gənclərlə böyüklər bir yerdə məşq edəcəklər. Orada kim özünü doğruldacaq, əsas heyətə cəlb olunacaq, yarışlarda iştirak edəcək.

- Böyüklərdən və gənclərdən ibarət yığmanın bir yerdə məşq etməsi qərarı nəyə əsasən verildi?
- Məncə, bu qərar effekt verəcək. Rusiya kimi böyük ölkə deyilik ki, hər çəkidə kifayət qədər cüdoçu olsun, ciddi rəqabət yaransın. Hər çəkidə 2-3 cüdoçu var, gənclərlə birlikdə bu sayı 6-7-yə çatdırmaq istəyirik ki, rəqabət böyük olsun. Kim üstün olacaqsa, o da növbəti yarışlara qatılacaq, lisenziyasını qazanacaq.

- Yığmanı nə vaxt bir araya gətirməyi planlaşdırırsız?
- Cüdoçular hazırda istirahətdədirlər. Yaxın 5-10 ərzində bir araya gələcəyik. Noyabrda Bakıda yarışımız var, onun hazırlığına başlayacağıq. Bundan əvvəl gənclərin yarışı, Avropa çempionatı və MDB ölkələrinin I Oyunları olacaq.

- Heyətdə hansısa dəyişiklik gözlənilirmi? 
- İdmançılarla hələ görüşməmişik. Onların fikirlərini tam bilmirəm. Yəqin ki, məşqlərə başlayanda milli karyeralarını davam etdirib-etdirməməklə bağlı fikirlərini bildirəcəklər.

- Bəs elə bir cüdoçu varmı ki, siz özünüz ona ehtiyac duymayacaqsız?
- Hansısa idmançı istəməsə, onu məcbur edə bilmərəm. Amma şəxsən mən hamısını sərəncamımda görmək istəyərdim. Nə yaşları var ki? Cəmi 29-30 yaşdadırlar. Nəzərə alaq ki, üç ildən sonra növbəti Olimpiada olacaq. Məncə, orada da güləşə və nəticə verə bilərlər. Bunun üçün əlimizdən gələni edəcəyik.