13:29 15-08-2021
news_image
224
FUTBOL

Karyerasını eyni klubda bitirmək şansını qaçıranlar – Peledən Messiyədək

Lionel Messinin 2000-ci ildə qəbul olunduğu “Barselona”dan ayrılması böyük səs-küyə səbəb olub.

Apasport.az saytının məlumatına görə, argentinalı 17 il “Barsa”nın əsas komandasında çıxış etdikdən sonra PSJ-yə keçib.

Halbuki 34 yaşlı superulduzun karyerasını Kataloniya klubunda bitirəcəyinə hər kəs əmin idi. Leodan əvvəl də bəzi dünya ulduzları karyerasını bir klubda tamamlamaq şansını əldən verib. Həmin superulduzların bəzilərini təqdim edirik.

Pele
Futbol “kral”ı 18 il ölkəsində “Santos”un formasını geyinib. 1975-ci ildə “Nyu York Kosmos”a keçən futbol əfsanəsi 2 il də orada çıxış etdikdən sonra karyerasını bitirib.

Raul Qonzales
“Real”ın əfsanəvi hücumçusu 1994-2010-cu illərdə “kral klubu”nun şərəfini qoruyub. 2010-cu ildə Joze Mourinyonun gəlişindən sonra “qələmi qırılan” ispaniyalı “Şalke”nin yolunu tutub. Raul həmçinin “Əl-Sədd” və “Nyu York Kosmos”da da oynayıb.

Stiven Cerrard
“Liverpul” akademiyasında yetişən Cerrard 17 il əsas komandanın formasını geyinib. Lakin karyerasının son dönəmində “Los Anceles Qalaksi”yə keçib və 2 il də ABŞ-da çıxış edib.

Xavi Ernandes
Sabiq yarımmüdafiəçi 1998-2015-ci illər ərzində yalnız “Barselona”nın uğurları üçün çalışıb. Lakin 17 illik parlaq karyeranın ardından “Əl-Sədd”ə transfer olunub və karyerasını orada bitirib. Xavi 2019-cu ildən də Qətər klubunun baş məşqçisidir.

Daniele De Rossi
“Roma”nın aşağı yaş qrupundan yetişən De Rossi 17 il “canavarlar”ın şərəfini qoruyub. 2019-cu ildə “Boka Xuniors”la anlaşan sabiq yarımmüdafiəçi cəmi 6 ay orada oynadıqdan sonra futbolla vidalaşıb.

Andres İnyesta
“Barselona”nın daha bir unudulmaz siması İnyesta 2002-ci ildən 2018-ci ilə qədər kataloniyalılarda oynadıqdan sonra Yaponiya klubu “Vissel Kobe”yə üz tutub. 37 yaşlı yarımmüdafiəçi hələ də Yaponiya komandasının formasını geyinir.

İker Kasilyas
“Real” akademiyasının kəşfi gənc yaşından əsas komandanın çərçivəsini ələ keçirib. Kasilyas parlaq çıxışı sayəsində klub tarixinin ən yaxşı qapıçısına çevrilib. 16 illik çıxışın ardından “kral klubu”nu tərk etmək məcburiyyətində qalan Kasilyasın növbəti və sonuncu klubu “Porto” olub.