11:21 11-08-2021
news_image
664
FUTBOL

“Neftçi” və “Qarabağ” üçün pley-off şansı – statistika hansının xeyrinədir?

Sabah Azərbaycanın iki klubu avrokubokların III təsnifat mərhələsinin cavab oyununda meydana çıxacaq.

Apasport.az saytının məlumatına görə, “Neftçi” Avropa Liqasında, “Qarabağ” Konfrans Liqasında mübarizəni davam etdirməyə çalışacaq.

Finlandiyada HİK-lə görüşəcək Bakı komandası qitənin ikinci dərəcəli klub turnirində pley-off mərhələsinə vəsiqə üçün vuruşacaq. Paytaxt təmsilçisi mərhələ adlamasa, Konfrans Liqasında pley-offa düşəcək. 

Kipr AEL-ini qəbul edəcək “Qarabağ” da yeni və 3-cü dərəcəli klub turnirində pley-offun bir addımlığındadır. “Neftçi”dən fərqli, Ağdam təmsilçisinin büdrəmək şansı yoxdur və bu avrokuboklarla vida ilə nəticələnə bilər.

Tarixə nəzər salsaq, Azərbaycan komandaları üçün III təsnifat mərhələsi heç də uğurlu alınmayıb. Təsnifat mərhələləri olmayan, lakin özü seçmə xarakteri daşıyan İntertoto kubokunu saymasaq, klublarımız 19 dəfə pley-offun bir addımlığında olub.

19 şansdan yalnız 7-dən yararlanan komandalarımız digər hallarda turnirlə vidalaşıb:
“Qarabağ” – 4 dəfə mərhələ keçib/11 dəfə oynayıb
“Qəbələ” – 2/3
“Neftçi” – 1/3
“Keşlə” – 0/1
“Bakı” – 0/1

İlk dəfə keçirilən Konfrans Liqasında III təsnifat mərhələsində Azərbaycan təmsil olunub. Bunadək komandalarımız digər iki turnirin pley-offuna çıxmağa çalışıb:
Çempionlar Liqası – 1/9
Avropa Liqası – 6/10

Göründüyü kimi, Çempionlar Liqasındakı 9 cəhddən yalnız birində komandamız pley-offa yüksəlib. Digər 8 halda da mübarizəni davam etdirən klublarımız Avropa Liqasına yuvarlanıb. Bu, üç təmsilçimizin başına gəlib:
“Qarabağ” – 6
“Bakı” – 1
“Neftçi” – 1

III təsnifat mərhələsindəki 19 sınaqdan birində - ötən mövsüm duel bir matçdan ibarət olub. Digər 18 qarşıdurmadan 7-nə evdə, 11-nə səfərdə başlamışıq. Bu dəfə də “Neftçi” öz, “Qarabağ” rəqib meydanında ilk oyuna çıxıb. Tarix göstərir ki, pley-offa çıxmaq üçün ilk görüşün evdə keçirilməsi faiz etibarilə daha münasibdir: 
Evdə başlayanda – 3/7
Səfərdə başlayanda – 4/11 

Həm “Neftçi”, həm də “Qarabağ” pley-off yolunda ilk qarşılaşmada heç-heçə edib. İki matçdan ibarət olan III təsnifat mərhələsinin 18 duelindən yeddisi heç-heçə ilə başlayıb. Bunun dördü təmsilçilərimiz üçün mərhələ keçməyə yetərli olub. Yalnız üç dəfə sülhdən sonra təmsilçimiz mərhələ keçə bilməyib.

Maraqlıdır ki, həm “Neftçi”, həm də “Qarabağ” iki dəfə bu mərhələdə belə halla üzləşib. Hər iki təmsilçimiz də 50 faizlik nəticəyə imza atıb.

Bakılılar 2014/15 mövsümündə elə indiki kimi Avropa Liqasında evdəki ilk qarşılaşmada “Çixura”nı yenə bilməyib – 0:0. Gürcüstandakı 3:2 hesablı qələbə isə komandanı pley-offa daşıyıb.

İki il öncə “Bney Yehuda” ilə Bakıdakı oyunun hesabı da indiki kimi olub – 2:2. Amma Avropa Liqasının pley-offuna evdə 2:1 hesabı ilə qalib gələn israillilər çıxıb.

Ağdam klubu ardıcıl iki dəfə - 2016/17 və 2017/18 mövsümlərində Çempionlar Liqasında III təsnifat mərhələsinə sülhlə start verib. Hər iki halda da qolsuzluq qeydə alınıb. Öncə Çexiya “Viktoriya”sı ilə evdəki heç-heçə (1:1) turnirlə vidalaşmağa səbəb olubsa, növbəti il Moldovadakı 2:1 hesablı qələbə pley-offa daşıyıb.

Digər komandalarımızdan “Bakı” 0:0-dan sonra Bolqarıstanda “Levski”dən 2 cavabsız qol buraxıbsa, “Qəbələ” iki dəfə tur adlayıb. Kipr və Fransada “Apollon” və “Lill”lə 1:1 hesablı bərabərliklər evdəki qələbələrlə davam etdirilib. Hər iki halda da bir qol pley-offa çıxmağa yetərli olub.