18:05 11-08-2021
news_image
511
FUTBOL

"Ən çox qorxduğum da budur" - Qurban Qurbanov

“Çox vacib oyun olacaq. Hər iki komandanın bir düşüncəsi var ki, iki matçın qalibi olsun".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə keçiriləcək cavab oyunu öncəsi deyib.

“Azersun Arena”da baş tutan mətbuat konfransında təcrübəli mütəxəssis sabahkı qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Rəqibin gücünü səfərdə də gördük. Topla davranmağı xoşlayan və hücuma sürətli çıxan komandadır. Heyətlərində 11 legioner var. Buna baxmayaraq, doğma meydanımızda, azarkeşlərimiz önündə oynayacağıq. Bu üstünlüyümüz var. Amma həddən artıq diqqətli olmalıyıq. AEL boşluq versən, istənilən rəqibi cəzalandıra bilər. Bu üzdən sabah oyunboyu konsentrasiya həddən artıq vacib olacaq. İnanıram ki, futbolçularım sabah meydanda əsl döyüşkən, peşəkar, təcrübəli futbolçu kimi aparacaq".

- Ab-hava baxımından ilk oyunla cavab görüşü arasında hansı fərq var?
- Bəli, orada xoşagəlməz hallar oldu. Bu, hər birimizə təsir etdi. Amma mən həmin görüşdən sonra da demişdim ki, idman prinsiplərindən kənara çıxmalı deyilik. Yazılanlara baxıram, aqressiv azarkeşlərimiz var, onların cavabını verməyi düşünürlər. Bu, komandanın motivasiya olması baxımından ümumilikdə yaxşı haldır. Futbolçuların və məşqçilərin bütün diqqəti yaşıl meydanda olmalıdır. Orada səhv etməyək. Biz azərbaycanlılar olaraq çox yerdə davranışımızla fərqlənmişik. Avrokuboklarda bizə qarşı haqsızlıqlar olub, böyük səhvlərə görə böyük uğurları əldən vermişik. Bəzən hirslənmişik. Amma yenə də mədəniyyətimizi qoruyub saxlamışıq. Sabah da hamımızın fikri oyunda olmalıdır. Digər xoşagəlməz halları yaşadan azarkeşlərdir. Kiprdəki də təxribat xarakterli hərəkətlər idi. Biz böyük azarkeş ordusuna malik komandayıq. Bunu da hər zaman görmüşük. İnşallah, bizə yaxşı dəstək olacaq və birlikdə yaxşı nəticə əldə edəcəyik.

- Kiprdəki hadisənin təkrarlanmaması üçün azarkeşlərə hansı tövsiyəni edərdiniz?
- Mənim hansısa tövsiyəmə ehtiyacları yoxdur. Bu, ağıl vermiş kimi olar, pis çıxar. Azarkeşlərdən bəziləri oyundan, bəziləri çəkişmələrdən, bəziləri öz aralarındakı “atışmalardan” həzz alırlar. Dünya futbolunda bunlar olan hallardır. Bizim işimiz meydandadır, təzyiqə, fitə basılmaya futbolçular hazır olmalıdırlar. İnanıram ki, sabah hamılıqla bir daha öz mədəniyyətimizi göstərəcəyik. Öz missiyamızı düzgün yerinə yetirməliyik. Komanda olaraq istəyimiz həmişə azarkeşlərimizi sevindirməkdir.

- AEL bu hadisəyə görə sizə üzrxahlıq etdi?
- Mənim oradakı gördüklərim həmin anda oldu. Baş məşqçiləri özünü çox centlmen kimi apardı. Mənə, futbolçulara yaxınlaşdı. Oyunun əvvəlindən mənə qarşı hörmətlə yanaşırdı. Aramızda futbolla, əvvəlki illərlə bağlı söhbət də oldu. Komandamızı çox bəyəndiyini dedi. Məşqçi korpusu tərəfindən hörmətsizlik yox, çox yaxşı münasibət gördüm. Mənim üçün xoş oldu. Bəlkə rəhbərliklə hansısa danışıqları olub. O detallara girmədim.

- Azarkeşlər “Qarabağ”dan təxribata cavab olaraq daha çox qol gözləyirlər...
- Mənim ən çox qorxduğum da budur. Nəticəni azarkeş təxribatına görə düşünürüksə, yanlış addım atmış olarıq. Bizə iki oyunun qalibi olmaq lazımdır. Futbolçulardan həmişə tələb etmişəm ki, qapımızdan qol görməyək və maksimum qol vuraq. Bu, bəzən istədiyin kimi alınmır. Təxribata görə, rəqibə çox qol vurmağı düşünürüksə, deməli, rəqibi tanımırıq, yaxşı təhlil etməmişik. Futbolçularla söhbətlərim olub ki, bütün fikrimiz oyunda olmalı, meydandan kənarı eşitməməliyik. Futbol son vaxtlar çox dəyişib. Bəzi prinsiplərə doğru getməli deyilik. İdman prinsiplərini, oyunumuzu yaxşılaşdırmalı, problemlərimizi aradan qaldırmaq barədə düşünməliyik. Bu yöndə də işlər gedir.

- Kiprlilərin xislətini nəzərə alsaq, rəqibdən hansısa təxribat gözləyirsiz?
- İnanmıram. Amma AEL aqressiv komandadır. Yunanlar, kiprlilər həmişə aqressiv komandalar olur. Təxribat baxımından yox. Bəzi oyunçuları daha aqressiv ola bilərlər. İlk hissədən sonra tam təxribat yox idi, amma davranışlardan hiss edirdik. Onların heyətində bizim düşündüyümüz yerli futbolçu yox idi. Hamısı legioner idi və onlardan yalnız nəticə tələb olunur. Daha yaxından tanıdığım baş məşqçisi olan komandanın təxribata gedəcəyinə inanmıram. Duşan Kerkezi yaxşı tanıdım, onun təxribata imkan verəcəyini düşünmürəm.