19:24 11-08-2021
news_image
237
FUTBOL

"İlk görüşdən sonra növbəti mərhələyə adlamaq üçün ümidlənmişik" - Duşan Kerkez

“Sabah çox güclü rəqibə qarşı çıxış edəcəyik".

Apasport.az saytının məlumatına görə, bunu AEL-in baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu haqda danışarkən deyib.

45 yaşlı mütəxəssis “Azersun Arena”da baş tutan mətbuat konfransında sabah keçiriləcək görüşdəki məqsədlərindən danışıb: “Rəqib son illər Avropada öz sözünü demiş komandadır. Artıq ilk oyunun nəticəsini unudub, ikinci matça köklənirik. Sabahkı qarşılaşmanın uğurlu keçəcəyinə inanırıq. Çox yaxşı oynamalıyıq. Hədəfimiz növbəti mərhələyə çıxmaqdır. Bilirik ki, azarkeş sayı çox olacaq. Bu da bizi sevindirir. Çünki çoxdandır koronavirus pandemiyasına görə çox azarkeş önünə çıxa bilmirik. Bu da bizə əlavə motivasiya olacaq. Kiprdəki matçda açıq oyun getdi. Bu da UEFA-nın səfər qolu üstünlüyünü ləğv etməsi idi. Ümid edirəm ki, sabahkı görüşdə də açıq oyun olar".

- Niyə həmişə məhz Kipr klublarına qarşı matçlarda Azərbaycan komandalarına qarşı aqressivlik olur?
- Əslən Yuqoslaviyadanam, özüm də bu tip hadisələrə şahid olmuşam. Biz indi 2021-ci ildə yaşayırıq. Bu halların yaşanmasını istəməzdim. Türkiyə komandalarına qarşı matçlarda bu tip hallar olub. Biz bütün diqqətimizi meydandakı mübarizəyə cəmləmişik.

- Kiprdəki hadisədən sonra komandanıza qarşı sabah azarkeşlər tərəfindən təzyiq olacaq. Bu, sizə psixoloji cəhətdən təsir etməz?
- Bunun komandama təsir edəcəyinə inanmıram. Çünki təcrübəli oyunçularımız var. Daha ağır şərtlərdə oyunlara çıxmışıq. Daha çox futbol barədə danışmaq istərdim.

- Hansı komanda növbəti mərhələyə daha yaxındır?
- Püşkatmadan sonra çoxları "Qarabağ"ı şanslı sayırdılar. Şanslar 60-40-a rəqibin xeyrinədir. Amma ilk görüşdən sonra biz də növbəti mərhələyə adlamaq üçün ümidlənmişik.

- Mərhələni keçməsəniz, bunu faciə kimi qəbul edəcəksiniz, yoxsa "belə olmalı idi" deyib, yolunuza davam edəcəksiniz?
- Bunu oyundan sonra düşünmək istəyirik. İndi yalnız sabahkı görüşə köklənmişik.