09:35 12-08-2021
news_image
149
FUTBOL

“Çelsi” & “Vilyarreal” – Superkubokdan maraqlı məqamlar

İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” klubu arasında UEFA Superkubokunun oyunu maraqlı məqamlarla əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında (6:5) qalib gələn London klubu bir sıra göstəriciləri rəsmiləşdirib.

Alman hegemonluğu
2019-cu ilə qədər heç bir alman baş məşqçi Superkuboku qazanmamışdı. Lakin həmin vaxtdan ardıcıl 3-cü dəfə kuboku Almaniyadan olan mütəxəssisin yetirmələri əldə edir. 2019-cu ildə Yurgen Kloppun “Liverpul”u, ötən il Hans Flikin “Bavariya”sı, bu dəfə isə Tomas Tuxelin “Çelsi”si mükafata yiyələnib.

“Çelsi”də ilk
Tomas Tuxel “Çelsi”nin baş məşqçisi kimi həm Çempionlar Liqası, həm Superkubokunu qazanan ilk mütəxəssisdir. 2012-ci ildə Çempionlar Liqasını qazanan Roberto di Mateonun belə imkanı olsa da, Superkubok matçında məğlubiyyət yaşanıb.

23 ildən sonra
“Çelsi” tarixində ikinci dəfə Superkuboku qazanıb. London təmsilçisi 23 il əvvəl - 1998-ci ildə bu uğura imza atmışdı. 2012-ci, 2013-cü və 2019-cu illərdə ingiltərəlilər Superkubok görüşündə uduzub.

Tilsim qırıldı
Superkubok tarixində 3-cü dəfə qalib penaltilərlə müəyyənləşib. Hər üç halda da iştirakçılardan biri “Çelsi” olub. Londonlular ilk dəfə Superkubokun penaltilər seriyasında qalib gəlib. “Göylər” 2013-cü ildə “Bavariya”ya (2:2, pen.4:5), 2019-cu ildə “Liverpul”a (2:2, 4:5) uduzub.

9-cu
Bu ilin yanvarından “Çelsi”yə rəhbərlik edən Tomas Tuxel qısa müddətdə 2-ci titulunu qazanıb. O, mayda Çempionlar Liqası, avqustda Superkuboka sahib çıxıb. Alman məşqçi karyerasında 9-cu dəfə uğur əldə edib. 47 yaşlı mütəxəssis Dortmund “Borussiya”sı ilə Almaniya kubokunu, PSJ ilə iki Fransa çempionluğu, kuboku, Liqa kuboku və iki Superkuboku əldə edib.