12:12 12-08-2021
news_image
149
TOKİO-2020

“Daha bir Olimpiada da güləşmək fikrindəyəm” – Rafiq Hüseynov

“Azərbaycana medal gətirdiyimiz üçün hər birimiz sevinirik. Bu təkcə bizim deyil, Azərbaycanın qələbəsidir”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib. 

77 kq çəki dərəcəsində yarışan idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurub. Bu gün vətənə dönən 33 yaşlı Hüseynov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib ki, daha bir Olimiadada güləşmək arzusundadır: “Əlbəttə, çətin - həm müharibə, həm də pandemiya şəraitində olan günlər idmandan da yan keçməyib. Bəli, bu gün qızıl medal qazana bilmədik. Amma çox sevinirik ki, ölkəyə mükafatsız qayıtmadıq. Medal almayan komanda yoldaşlarıma da bu sevinci yaşamağı arzulayıram. Bundan sonra daha bir Olimpiada da güləşmək fikrindəyəm. Yaşım da elə çox deyil. 33 yaşındayam. Əgər qalib gələ bilirsənsə, davam etmək şərtdir. Mən də idmana bu prinsiplə yanaşıram. Hər bir qələbə, medal motivasiyadır. Xüsusilə də Olimpiya medalı. Çalışacağıq ki, 3 il ərzində hazırlaşaq və növbəti dəfə qızıl mükafata sahib olaq”. 

Bürünc medal uğrunda görüşdə ermənistanlı Karapet Çalyanı məğlub edən Avropa çempionumuz hər qarşılaşmanın onun üçün xüsusi olduğunu vurğulayıb: “4 döyüşün hər biri mənim üçün ağır idi. Hər bir rəqiblə görüşə xüsusi hazırlaşmışdım. Qarşılaşmaların hər biri prinsipial idi. Əsas məqsədim isə medal qazanmaq idi ki, onu da əldə etdim”.