14:25 12-08-2021
news_image
427
FUTBOL

Ceyhun Sultanov: “Neftçi” bu gün onun əziyyətini çəkə bilər” - MÜSAHİBƏ

“Neftçi” və “Keşlə”nin sabiq idman direktoru Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi

- Avropa Liqasının III təsnifat mərhələsində evdə 2:2 hesablı heç-heçə edən “Neftçi” bu gün cavab görüşündə HİK-in qonağı olacaq. Bu matçdan nə gözləyirsiz?
- Açığı, “Neftçi”nin mərhələ keçəcəyinə inamım böyükdür. Düzdür, komanda tam optimal formada deyil. Ancaq heyətdə oyunun taleyini həll edə biləcək keyfiyyətli futbolçular var. Həmin futbolçuların oyununun alınıb-alınmamasından da çox şey asılıdır. “Neftçi” komanda oyunu sərgiləsə, HİK-i keçəcək.

- “Neftçi” bu dəfə fərqli hava şəraitində və süni örtüklü meydançada çıxış edəcək. Bunun Azərbaycan çempionuna hansısa mənfi təsiri ola bilərmi?
- Bunların təsir edəcəyinə inanmıram. Çünki cəmi bir oyun olacaq. Digər tərəfdən hər bir futbolçu istidə yox, sərin havada qaçmaq istəyir. Bunlar mərhələ keçməməyə bəhanə deyil. 45 dərəcə isti olsa, o zaman deyə bilərsən ki, nəfəs ala bilmirdim, çox çətin idi. Helsinkidə isə görüş sərin hava şəraitində olacaq və bu, “Neftçi” futbolçuları üçün də olduqca əlverişli durumdur. Yəni bu durumun bizə daha çox xeyri var, nəinki rəqibə.

- Finlandiyada çempionatın davam etməsinin HİK üçün ən böyük üstünlük olduğu dəfələrlə vurğulanır. Həqiqətən də, bu durum əleyhimizədir?
- Deyirik ki, Finlandiya çempionatı davam edir, rəqib hazırlıqlıdır. Amma deyən yoxdur ki, HİK üç gündən bir oyuna çıxır. Futbolçu sayı baxımından zəngin ola bilərlər. Amma optimal heyətin üç gündən bir matça çıxması çox ağırdır. Bizdə belə vəziyyət yarananda çempionat oyununun təxirə salınması variantı olurdu. Ancaq onlar heç təxirə də salmırlar. HİK-in bütün oyunlarına baxıram. Maraqlısı odur ki, bu qədər yüklənmənin fonunda zədəliləri də yoxdur. Ancaq bizim klublar belə sıx təqvimdə oynasalar, 50 problem çıxararıq ki, zədəlilər çoxdur, komandada yorğunluq var və s. Bütün bunlar da heyətin kasad olmasından irəli gəlir. “Neftçi” bu gün onun əziyyətini çəkə bilər. Ancaq ideal heyətlə meydana çıxsa, mərhələni keçəcək.

- “Qarabağ” isə Konfrans Liqasının III təsnifat mərhələsində səfərdə bərabərə qaldığı (1:1) AEL-i qəbul edəcək. İlk matçdakı insident sanki meydançadakı mübarizəni kölgədə qoyub...
- Qurban Qurbanovun mətbuat konfransını izlədim. Qurban müəllim də futbolçuları həmin atmosferdən çıxarıb, tam oyun mühitinə uyğunlaşdırmaq istəyir. Qalmaqala diqqət yetirsələr, oyunları alınmayacaq. Belə insidentlər həmişə meydandan kənarda qalır. Qurban müəllim də oyunçuları psixoloji cəhətdən oyuna kökləməyə çalışır ki, qalmaqal düşüncəsində olmasınlar. “Qarabağ”a da inamım böyükdür. Düzdür, bu komanda həmişə avrokubokların ilk matçlarında tam hazır formada olmur, yavaş-yavaş öz oyununu bərpa edir.

- Düşünmürsüz ki, kiprli azarkeşlərin xoşagəlməz davranışları Bakıda AEL-in ziyanına işləyəcək? Çünki azərbaycanlı azarkeşlər həmin hadisədən sonra oyuna getməyə, rəqibi təzyiqdə saxlamağa daha çox can atırlar...
- Razıyam ki, onların hərəkəti AEL-in ziyanına olacaq. Çünki həmin matça baxandan sonra mən də fikirləşirdim ki, rəqibi təsir altına salmaq üçün azərbaycanlı azarkeşlər Bakıdakı görüşdə ajiotaj yaratmalıdır. Amma pandemiya şəraiti buna imkan vermir. Çünki vəziyyətlə əlaqədar stadiona az adam gedəcək. Mən də bir azərbaycanlı kimi, komandamızın arxasındayam və nə lazımdırsa edərəm. Kiprlilərin hərəkəti düzgün deyildi. Ancaq bu durumu meydana sirayət etdirmək olmaz. Futbolçularımız Kiprdə yaşananlara görə hirsli ola bilərlər. Amma soyuqqanlı olmalıdırlar.

- Həm “Neftçi”, həm də “Qarabağ”ın mərhələ adlamaq şansını faiz etibarilə necə qiymətləndirərdiz?
- Hər ikisinin mərhələ keçməsinə inanmıram. Hər iki komandada şanslar 50/50-yədir. Çünki HİK və AEL də zəif komandalar deyil. Pandemiya ilə əlaqədar azarkeş dəstəyi o dərəcədə olmur, tribunalar tam dolmur. Belə olsa, düşünə bilərsən  ki, azarkeş təzyiqi sayəsində rəqibə çətin anlar yaşatmaq olar.

Ruslan Sadıqov