22:20 12-08-2021
news_image
415
FUTBOL

"Bəhanə kimi çıxmasın..." - Duşan Kerkez

“Növbəti mərhələyə adlaması münasibətilə "Qarabağ"ı təbrik edirəm".

Apasport.az saytının məlumatına görə, bunu AEL-in baş məşqçisi Duşan Kerkez Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirilən cavab oyunundan sonra deyib.

Larnakada təmsilçimizlə qollu bərabərə qalan Kipr klubu Bakıdakı görüşdə son dəqiqələrdə buraxdığı qolla məğlub olub – 0:1.

Oyunsonrası mətbuat konfransında Kerkez komandasının çıxışını dəyərləndirib: “Güclü rəqibə qarşı oynamağa çalışdıq. Futbolçularımı əzmkarlığa görə təbrik edirəm. Nəticə məni qane edə bilməz. Amma biz göstərdik ki, büdcə baxımdan özümüzdən 5-6 dəfə güclü komandalara qarşı oynamağa qadirik. Stadionda azarkeşlərin yaratdığı atmosferdən razıyam. Ümid edirəm ki, pandemiya dönəmi tezliklə başa çatacaq və bütün oyunlarda belə atmosfer görəcəyik".

- Mərhələ keçməyəcəyiniz təqdirdə hansı addımı atacağınızla bağlı suala "matçdan sonra baxacağıq" demişdiniz...
- Üzülürük, mərhələ adlaya bilməmişik. Bütün rəqiblərə hörmətlə yanaşaraq, hər matça qələbə qazanmaq üçün çıxırıq. Bir neçə günlük istirahətdən sonra çempionat oyununa hazırlaşacağıq.

- Zala daxil olarkən niyə rus dilində salam verdiniz?
- Özüm yuqoslaviyadanam. Çalışıram ki, olduğum ölkələrin dilində danışım.

- Larnakadakı AEL-lə bugünkü komanda fərqlənirdi. Oradakı matçı təkrarlaya bilməməyinizə səbəb nə idi: atmosfer, yoxsa "Qarabağ"?
- Öz oyunumuzu göstərə bilmədik. Bəhanə kimi çıxmasın, meydançanın durumu hər iki komandaya mane oldu. Fiziki mübarizə gördük. "Qarabağ" bizdən daha təcrübəlidir. Biz öz oyunumuzu yaxşılaşdırmağa və inkişaf etməyə çalışacağıq ki, daha yüksək yerlərə gələ bilək.

- Kiprdəki oyunun sonlarında Qurban Qurbanova qarşı olan təxribata yanaşmanız necə idi? Həmin hadisə bu gün sizin başınıza gəlsəydi, reaksiyanız necə olardı?
- Qurban Qurbanovun "Qarabağ"da 13-cü ildönümü münasibətilə təbrik edirəm. Bu, böyük nailiyyətdir. Arzulayıram ki, çox komandada belə ənənə olsun. O ki qaldı suala, emosiyalar olur. Baş verənləri yaxşı qarşılamıram, amma idmanı siyasətə qarışdırmaq istəmirəm. Bu gün də bizə qarşı hər hansı xoşagəlməz hal olmadı. Buna görə də rahat olduq.