11:51 13-08-2021
news_image
453
FUTBOL

Avrokubokda sürgün və “Neftçi” tarixinə xəyanət edənlər

Premyer Liqa çempionu olanda sinəsini irəli verən, “mən, mən” deyə döşünə döyən, “Neftçi” markasından yararlanıb özünü reklam edənlər avrokuboklar başlayandan yoxa çıxıb.

Qızıl medalları boyunlarından asar-asmaz əllərinə kim keçdisə yola salan klub rəhbərliyi bununla özünü işgüzar göstərməyə çalışdı. Ancaq kim bilərdi ki, gedənlərin arxasınca ağlayan çox olacaq.

Görmüşdük, mövsümü uğursuz bitirən komanda heyətində köklü dəyişiklik edər. Di gəl ki, bizdə 7 ildən sonra çempion olan “Neftçi” özünü çempion kimi aparmadı, əvvəlki illərdə apardığı siyasətini davam etdirdi. Deyək ki, Keysuke Honda özü qalmaq istəmədi. Cinah müdafiəçisi, hücumçu gətirməyəcəkdinsə, Tallison Diası, Stiven Jozef-Monrozu niyə saxlamadınız? Axı sizin bu səriştəsizliyinizin qurbanı fərdlər yox, məhz “Neftçi” olur, işbilməzliyinizdən Azərbaycan futbolu zərər görür. Tarixi, kökü olan bir klubun avrokuboklarda turnirləri gəzməsi, sürgün edilməsi heç kimə xoş deyil. Axı prezident Kamran Quliyevdən tutmuş, bu işdə “əməyi” olan hər kəs “Neftçi”nin tarixinə xəyanət edir.

Hərdən insanda elə fikir formalaşır ki, “Neftçi” azarkeşləri bu işi rəhbərlikdən çox bilir. Çünki bu klub üçün can yandıran, gecəsi-gündüzü olmayan, bu çətin dövrdə bir də “Neftçi” dərdini çəkən fanatlar aylardır yeni oyunçulara ehtiyac olduğunu deyirlər, az qala hər gün etirazlarını bildirirlər. Yəni mövsüm bitən kimi bu qədər oyunçunu yola salan rəhbərlik onların yerini doldurmaq lazım olduğunu görə bilmir? Futbol bilikləri bu qədərmi aşağıdır? Zəif komandalara ağalıq edən Sezar Meza Kolli ilə, hansı mövqedə oynadığını bilməyən Harramiz Soareşlə bu iş düzələn deyil. Uqo Basto, Romen Bask kimi ortabab yerlilərdən heç nədə fərqlənməyən legionerlərlə avrokuboklarda yola çıxmaq intihardır. Hətta görünür avrokubok səviyyəsində belə deyillər ki, hələ də məcbur qalmadıqca onları oynatmırlar. Xəyal Nəcəfovla isə ancaq Premyer Liqada mübarizə apara bilərsən.

Bu komandanın qapıçıya, müdafiəçilərə, hücumçulara ehtiyac duyduğunu azarkeş görür, amma rəhbərlik yox. Qəribə mənzərədir. Yaxşı bəhanələri var: pandemiyaya görə heç kim gəlmək istəmir. “Qarabağ”ı, “Zirə”si, “Sabah”ı, hətta “Keşlə”si gətirə bilir, çempion olan bacarmır. 13-14 futbolçu ilə Çempionlar Liqası kimi turnirə qoşulmaq üçün baş sındırmağa, iş görməyə ehtiyac yoxdur. Kamran Quliyevin yerində futboldan başı çıxmayan bir qeyri-futbol adamını da qoysan, ən pis halda komanda bu durumda olardı.

Heç Samir Abasov da yaxasını kənara çəkməsin. Mətbuat konfranslarında “mən transferlər barədə danışmaq istəmirəm” deməklə özünü təmizə çıxmaq olmaz. Əgər hansısa baş məşqçi, üstəlik, çempion olan komandanın çalışdırıcısı rəhbərlik qarşısına konkret tələb qoya bilmirsə, deməli, sözünü keçirə bilmir. Zinəddin Zidan transfer məsələsində “yox” cavabını aldığı üçün “Real”dan iki dəfə öz istəyi ilə ayrıldı. İndi də “Real” azarkeşlərinin gözündə qəhrəmandır. Baş məşqçinin işi hər dəfə çıxıb heyət kasadlığından şikayətlənmək yox, vəziyyəti düzəltməyə çalışmaqdır. Əgər bunu bacarmırsansa, bir çıxış yolun qalır: Zidanın nümunəsi.

“Olimpiakos”un “ölüsünə” uduzdular, dedilər ki, nəhəng komandadır. HİK-ə uduzdular, bəhanələri oldu ki, onlarda çempionat davam edir. İndi də Samir Abasov deyir ki, Konfrans Liqasındakı rəqib “Makkabi” (Hayfa) HİK-dən 5-10 dəfə çətindir. Bu, özünü növbəti mümkün biabırçılıqdan sığortalamaq cəhdidir.

“Neftçi”yə rəhbərlik etmək “Sumqayıt”da, “Səbail”də, “Zirə”də və ya “Sabah”da işləməklə eyni deyil, ola da bilməz. Rəhbərliyindən tutmuş, baş məşqçisinə qədər, əgər bu işi bacarmırsınızsa, olan-qalan azarkeşləri də tamam küsdürmədən şələ-şülənizi yığın, potensialınıza uyğun klub tapın.

Apasport.az