15:36 15-08-2021
news_image
740
TOKİO-2020

Tokio Olimpiadasındakı qazancımız - LAYİHƏ

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Tokio-2020 Yay Olimpiya Oyunları başa çatıb.

Apasport.az saytının məlumatına görə, yarışa 44 idmançı ilə qatılan Azərbaycan millisi Yaponiya paytaxtında 7 medal qazanıb.

Komandamızın üzvləri 3 gümüş və 4 bürünc mükafata yiyələnib. Bununla da Azərbaycan medal sayında 205 ölkə arasında 33-cü yeri tutub.

Tokioda əldə olunan nəticələrin idmanın gələcək inkişafına necə təkan verəcəyi isə gün kimi aydındır. Buna şahidlik etmək üçün tarixə nəzər salmaq da yetərlidir.

Daim əldə olunan mükafatlar uşaq və yeniyetmələrdə bu idman növünə marağı artırır. Uğurlar kütləviliyə, kütləvilik isə rəqabətin artımına, eyni zamanda məşqçilərin daha geniş seçim imkanına malik olmasına əvəzolunmaz təkan verir. Qazanılan nəticələrin yetişməkdə olan nəslə təsirini heç bir reklam və ya təbliğat da verə bilməz. Çünki hər hansı idman növünün ən böyük təbliğatı qazanılan nəticələrdir.

Bir az keçmişə boylansaq, ötən əsrin 80-ci illərində güləşçilərimizin dünya və Avropa xalçalarındakı uğurları Azərbaycanda bu idman növünə marağı artırdı. Hətta orta məktəblərin idman zallarında belə güləş xalçaları görmək olardı. Barselona-1992-də Nazim Hüseynovun qızılı isə cüdoya olan marağı birə-beş çoxaltdı.

Qeyd olunan bu tendensiya müstəqillik illərində də davam edib. Atlanta-1996-da qazanılan yeganə və Olimpiadalar tarixindəki ilk mükafat sərbəst güləşə təsadüf edib. Namiq Abdullayevin həmin vaxt, 4 il sonra qızıl qazanmasının nəticəsidir ki, sərbəst güləş ildən-ilə inkişaf edib. Təsadüfi deyil ki, Namiqin uğurlarından ilhamlanan uşaq və yeniyetmələrin formalaşdırdığı son illərin yığması dünyanın ən yaxşıları sırasında möhkəmlənib. Ümumiyyətlə, güləşdəki ilk uğurlar bu idman növünün ölkədə daim birinci sırada qalmasına səbəb olub.

Bütün bunlar belə deməyə əsas verir ki, Tokio-2020-nin bəhrəsini də görəcəyik. Düzdür, güləş, cüdo və boksda qazanılan medallar artıq ənənəvi hala çevrilib. Az qala hər Olimpiadada bu növlərdə medallar əldə olunur. Bu, artıq ölkədə sevilən və böyük marağın olduğu növlərin ön sıralardakı mövqeyini qoruması anlamına gəlir.

Yaponiyada ilk medalımızı qazanan İrina Kindzerska oldu. Ağır çəkidə mübarizə aparan cüdoçumuz bu idman növündə Olimpiya mükafatı qazanan ilk xanımdır. Bu isə Azərbaycanda daim sevilən cüdoya qızların axınına təsir edəcək. Ölkəmizdə təkcə cüdo deyil, ümumiyyətlə döyüş növləri ilə az sayda xanım məşğul olurdusa, İrinanın bürüncü bu rəqəmi ciddi artıracaq. 

Elə Kindzerskanın özü də bürünc döyüşündən sonra Azərbaycan qadın cüdosuna təkan verəcək nailiyyət qazandığını gizlətməyib. 8-12 il sonra Olimpiadada xanım cüdoçularımızın sayında da, medallarda da kəskin artım qeydə alınsa, təəccüblü olmaz.

Ümumiyyətlə, Tokio-2020-də üç qadın idmançımız döyüş növlərində medal qazandı. Karateçi İrina Zaretska, güləşçi Mariya Stadnik və cüdoçu İrina Kindzerskanın uğurları zərif cins nümayəndələrini idman zallarına cəlb edəcək. Azyaşlı qızlar – gələcəyin irinaları, mariyaları xalça və tatami üzərində ilk addımlarını məhz Tokio-2020-də yaranan həvəs sayəsində atacaq.

İlk dəfə Olimpiada proqramına daxil edilən karatedə üç idmançımızdan ikisinin gümüş qazanması da diqqətdən qaçmamalıdır. Bu uğur uzun illər nisbətən kölgədə qalan karatenin güləş, cüdo və boksla bərabər ölkə idmanının rəmzlərindən birinə çevrilməsinə kömək etməlidir. 

Hər hansı idman növünün inkişafı, kütləviliyi üçün zəruri olan uğur dedikdə, təkcə mükafatlar nəzərdə tutulmur. Bəzi idman növlərində Tokio-2020-yə lisenziya qazanmaq, orada iştirak da yeniyetmə və gənclərin bu sahəyə yoluna aça bilər.

İlk dəfə Olimpiadada təmsil olunduğumuz badminton yaranan yeni nəfəs azyaşlıların da diqqətindən yayınmayacaq. Qısa zaman kəsiyində bu növlərə maraq göstərənlərin sayının artması qaçılmazdır. Bu da gələcəkdə ulduzlar yetişməsi üçün zəmin yaradacaq. Eyni sözləri artıq daim iştirakçısına çevrildiyimiz gimnastika, taekvondo, qılıncoynatma, triatlon barədə də söyləmək olar. Velosiped idmanı və atıcılıqda neçə illərdir gözlənilən inkişafın da Olimpiadalarda daimi iştirakdan sonra reallaşması mümkündür.

Dünya idmanında ən çox medal verən növlər kimi tanınan atletika və üzgüçülükdə uğur qazanmağımız hələ inandırıcı görünmür. Lakin Olimpiadaya təmsilçilərimizin lisenziyalar əldə etməsi məktəbliləri manej və hovuzlara çəkəcək. Həmin uşaqların ulduza çevrilməsi üçün isə bir neçə Olimpiada səbir etmək yetərli olacaq.

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur