22:08 13-08-2021
news_image
282
FUTBOL

Yubiley Masazırda başlayır - 86 günlük fasilə bitdi

Sabah Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək.

Apasport.az saytının məlumatına görə, 2021/22 mövsümü sayca 30-cu ölkə çempionatı olacaq.

1992-ci ildən təşkil olunan yarışın tarixinə yubiley turniri kimi düşəcək çempionatda 8 komanda mübarizə aparacaq. Ardıcıl 4-cü mövsümdə bu səkkizlik dəyişməz qalacaq.

Ötən mövsümün mükafatçıları “Neftçi”, “Qarabağ” və “Sumqayıt” növbəti uğur, “Zirə”, “Sabah”, “Keşlə”, “Qəbələ” və “Səbail” onları kürsüdən salmaq üçün start xəttinə çıxacaqlar. 2018/19 mövsümündən başlayaraq son üç çempionatda da Premyer Liqada yer alan bu 8 komanda 4 dövrədə dairəvi sistemlə mübarizə aparacaq.

Sabah start götürəcək ilk turun görüşləri iki günü əhatə edəcək. Bütün qarşılaşmalar Bakıda baş tutacaq.

Avrokuboklarda mübarizəni davam etdirən iki klub – “Neftçi” və “Qarabağ” növbəti sınağına dünən çıxdığından onların iştirak edəcəyi oyunlar turun ikinci gününə salınıb. Mövsüm isə Masazır qəsəbəsindəki “Bank Respublika Arena”da başlayacaq. Bununla da 86 günlük fasilə başa çatacaq.

“Sabah” – “Səbail” matçının ardınca avrokuboklara erkən vida edən “Keşlə” və “Sumqayıt” meydana çıxacaq. Onlar “ASK Arena”da görüşəcək.

Konfrans Liqasındakı təmsilçilərimizi nisbətən asan rəqiblər gözləyir. “Qarabağ” heç vaxt uduzmadığı “Zirə”nin qonağı olacaq. “Neftçi” isə son illərdə uğurlu nəticələr qazandığı “Qəbələ”ni qəbul edəcək.

Premyer Liqa
I tur
14 avqust (şənbə)

18:30. “Sabah” – “Səbail”
“Bank Respublika Arena”

20:30. “Keşlə” – “Sumqayıt”
“ASK Arena”

15 avqust (bazar)
18:00. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu 

20:00. “Neftçi” – “Qəbələ”
“Bakcell Arena”