22:47 14-08-2021
news_image
157
FUTBOL

"Üzülürük, amma gələcəyə baxmaq lazımdır" - Sənan Qurbanov

“İlk oyun idi. Matça bir az gərgin başladıq".

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov deyib.

Azərbaycan Premyer Liqasının I turunda “Sumqayıt”ı qəbul edən paytaxt klubu meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “İkinci hissəni bizim aktivimizə yazmaq olar. Futbolun tərs üzü ilə rastlaşdıq, əlimizə düşən şanslardan yararlana bilmədik. Hesab oyuna görə olmadı. Biz ikinci hissəni hücumda keçirdik, "Sumqayıt" daha çox müdafiə olundu. Üzülürük, amma gələcəyə baxmaq lazımdır. Başa düşürük ki, qalib gəlmək lazım idi. Çox qol imkanından yararlanmamağımız bizi üzdü".

- Birinci hissədə daha çox uzaq məsafədən zərbələrə üstünlük verməyiniz nə ilə bağlı idi?
- Bilirdik ki, "Sumqayıt" qapalı komandadır. Uzaq məsafədən zərbələr planda var idi.

- "Keşlə" necə qol vura bilər?
- Elə epizodlar oldu, vura bilmədik. Bəxt amili var idi. Bu o demək deyil ki, belə davam edəcək. Çalışacağıq ki, məşqlərdə bunların üzərində işləyək.

- Amil Yunanovu çox gec meydana buraxmağınız nə ilə bağlı idi?
- Artıq uduzurduq, müdafiəçini çıxarıb, hücumçu buraxdıq. Ona qədər oyun planında axsaqlıq yox idi. Oyuna nəzarət bizdə olsa da, sonda əlavə hücumçuya ehtiyac var idi. Amilin potensialına inanırıq. Gələcəkdə daha çox şans qazanacaq.