19:33 15-08-2021
news_image
350
FUTBOL

"Neftçi"yə qarşı haqsızlıq etmədiyimdən əmin olun” - Namik Ələskərov

“Müqaviləmdəki şərtlərə uyğun olaraq azad agent statusu almışam və Türkiyə çempionatında oynamaq şansından yararlanmaq istəyirəm”. 

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin futbolçusu Namik Ələskərova məxsusdur. 

O, “Neftçi”dən gedişi ilə bağlı yaranan söz-söhbətlərə son qoymaq üçün sosial şəbəkədə şəxsi hesabından paylaşım edib. Ələskərovun sözlərinə görə, Türkiyənin “Bursaspor” klubuna keçidi qaydalar çərçivəsində rəsmiləşib: “Məsələyə aydınlıq gətirmək üçün çox sevdiyim və məni həmişə dəstəkləyən sadiq “Neftçi” azarkeşləri qarşısında hesabat verməyi özümə borc bilirəm. Bütün qaydalar və müqavilə şərtləri daxilində davrandığımdan, "Neftçi"yə qarşı haqsızlıq etmədiyimdən əmin olun. Ölkə xaricində oynamaq istəyi üstün gəldiyindən "Neftçi"dən ayrılmaq məcburiyyətindəyəm. “Neftçi” klubunu, azarkeşlərini, komanda yoldaşlarımı, birlikdə qazandığımız qələbələri, çempionluğu unutmayacağam. Bu qələbələr üçün əlimdən gələn hər şeyi ən yaxşı şəkildə etdiyimə inanıram. Bu işdə mənə dəstək olmuş, üzərimdə haqqı olan hamıya təşəkkür edirəm. Amma hər kəs bir yol seçir və mən bu seçimin astanasında olduğumu hiss etdim. Xaricdə oynamaq, qardaş Türkiyədə ölkəmizi uğurla təmsil etmək ən böyük arzumdur. İnşallah, sizin də dəstəyiniz və dualarınızla bu arzumu həyata keçirmək üçün düşən şansdan maksimum yararlanacağam”.

Qeyd edək ki, Ələskərov bir gün öncə azad agent kimi “Bursaspor”la müqavilə imzalayıb. Ardından isə onun sabiq klubu “Neftçi” Türkiyə təmsilçisi və futbolçu ilə bağlı məsələ ilə bağlı hüquqi proseslərin başlandığını açıqlayıb.