11:01 16-08-2021
news_image
1448
FUTBOL

“Qarabağ” 2-ci səbətdə, “Neftçi” sonuncuda – qrupun püşkatmasında

Bu həftə Konfrans Liqasında pley-off mərhələsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsindəki 32 yerə namizəd olan 64 klub ilk oyunlarını keçirəcək.

Konfrans Liqasında III təsnifat mərhələsinin 22 cütünün qalibi və Avropa Liqasında III təsnifat mərhələsinin 10 cütünün məğlubu 3-cü dərəcəli klub turnirinin qrupuna düşəcək. 64 namizəddən ikisi Azərbaycan təmsilçiləridir.

Premyer Liqada ötən mövsümün iki ən yaxşısı “Neftçi” və “Qarabağ” Konfrans Liqasında tur adlamağa çalışacaq. Bakılılar Hayfa “Makkabi”sini, Ağdam təmsilçisi “Aberdin”i keçməklə qrupa düşə bilər.

Hələ pley-offun ilk oyunları belə keçirilməsə də, komandalarımızın qrup mərhələsinin püşkatmasında yer alacağı səbət barədə ehtimal irəli sürmək olar. 64 namizəd komandanın reytinqinə əsasən mülahizələr yürütmək mümkündür.

Son Azərbaycan çempionu “Neftçi”nin məsələsi daha sadədir. Əmsalı 5,000-ə bərabər olan “ağ-qaralar” bu 64 komanda arasında 55-cı göstəriciyə malikdir.

Bu, “Neftçi”yə 4-cü - sonuncu səbətdə olmasını vəd edir. Bakı klubunun son səbətdən qurtulması üçün möcüzə - yəni aşağı reytinqli 9 komandadan 8-nin qrupa düşməsi lazımdır. Amma onlardan birinin düşməsi mümkünsüzdür. Çünki daha aşağı reytinqlilərdən birini – “Makkabi”ni elə “Neftçi”nin özü mübarizədən kənarlaşdırmalıdır. Bir sözlə, çempionumuz qrupa düşsə, sonuncu səbətdə yeri demək olar hazırdır. Çünki “Bodo Qlimt”, “Şemrok Rovers”, “Hammarbü”, “Elfsborq”, Karaqanda “Şaxtyor”u, “Rakuv” və “Jilina”nın Konfrans Liqasında, “Mura”nın Avropa Liqasında qalib gəlməsi möcüzədən də artıqdır.

“Qarabağ”ın məsələsi daha yaxşı, eyni zamanda mürəkkəbdir. Ağdam klubunun 2-ci səbətdə yeri təmin olunub.

Təmsilçimiz qrup şansı olan 64 komanda arasında 16-cı reytinqə malikdir. Bu, ikinci “səkkizlik” anlamına gəlir. Amma Azərbaycan futbolu tarixində klubumuzun qrupun püşkündə 1-ci səbətə düşməsi də mümkündür. 

Bunun üçün də möcüzələr lazımdır. Daha yüksək və ya eyni reytinqli olub öndə qərarlaşan 15 komandadan 8-nin Konfrans Liqasına düşməməsi ehtimalı aşağıdır, amma mümkündür. 

“Slaviya”, “Srvena Zvezda”, “Olimpiakos”, “Reyncers”, “Alkmaar” və “Seltik” Avropa Liqasında qalib gəlməlidir. Onlardan da ikisi bir-biri ilə oynadığından biri Avropa Liqası, digəri Konfrans Liqasına düşəcək. Həmçinin Konfrans Liqasının güclüləri – “Roma”, “Tottenhem”, “Bazel”, “Kopenhagen”, “Viktoriya”, “Gent”, “Anderlext”, LASK və “Feyenoord”un isə uduzmasını arzulamaq lazımdır.

Qeyd edək ki, pley-off mərhələsinin görüşləri avqustun 19-da və 26-da baş tutacaq.