10:05 18-08-2021
news_image
375
FUTBOL

“Qalatasaray”lı futbolçuların davasının SƏBƏBİ

“Qalatasaray”ın müdafiəçisi Markaonun Super Liqanın I turunda “Giresunspor”la səfər matçında komanda yoldaşı Kerem Aktürkoğlunu vurmasının səbəbi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, türkiyəli futbolçunun hərəkəti braziliyalını özündən çıxarıb.

“Sarı-qırmızılılar”ın üçüncü kapitanı olan Markao 63-cü dəqiqədə ikinci dəfə Keremi düzgün mövqe tutmadığı üçün ona xəbərdarlıq edib. Aktürkoğlunun ona “sus” işarəsi göstərməsindən qəzəblənən “sambaçı” “sən kapitansan ki, mənə sus deyirsən?” söyləyərək onu vurub.

Bu hərəkətinə görə qırmızı vərəqə alan Markaonu komanda yoldaşları danışdırmamaq qərarına gəlib. Hətta oyundan sonra paltardəyişmə otağında “cim-bom”un bir neçə oyunçusu onun üstünə şığımağa çalışıb. Lakin məşqçi heyəti onları sakitləşdirib. Giresunda komandadan ayrı avtomobillə hava limanına göndərilən Markao İstanbulda da komandanın avtobusuna buraxılmayıb.

Vitse-kapitan artıq məşqlərə də qatılmır. Baş məşqçi Fatih Terim isə ona özünü müdafiə etməsi üçün avqustun 19-na qədər vaxt verib. Braziliyalının qeyri-müəyyən müddətə komandadan uzaqlaşdırılması və yüksək məbləğdə cəriməyə məruz qalması planlaşdırılır. Həmçinin “Qalatasaray” Avropa Liqasında “Randers”lə oyun üçün “sambaçı”nı sifariş etməyib. 

Qeyd edək ki, “Qalatasaray” birinci hissədə vurduğu qollar sayəsində “Giresunspor”u səfərdə 2:0 hesabı ilə məğlub edib.