11:19 18-08-2021
news_image
143
FUTBOL

“Namik inkişaf eləməlidir” - Ceyhun Sultanov

“İstənilən futbolçunun arzusu harasa getmək, tanınmaq və pul qazanmaqdır. Xarici ölkələrdən bura gələn oyunçular da eyni düşüncədə olurlar”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov paytaxt klubunun hücumçusu Namik Ələskərovun “Bursaspor”a keçidinə münasibət bildirərkən deyib.

Gənc mütəxəssis milli komandamızın üzvünün TFF I Liqa klubuna transfer olunmaqla doğru addım atdığını düşünür: “Azərbaycana gələn legionerlər oturub öz ölkələrində də oynaya bilərlər. Amma bura pul qazanmaq üçün gəlirlər. Namik də indiyə qədər ölkə xaricində oynamayıb. Legioner həyatı yaşamaq, oranı görmək onun üçün yenilik olacaq. Birinci liqa olsa da, orada azarkeşlərin, şəhərin futbola marağı daha böyükdür. Türkiyədə futbolçuya başqa cür hörmət edirlər. “Neftçi” azarkeşləri, rəhbərliyi onun qalmasını istəyirdi, burada sevilirdi. Ancaq Namik də inkişaf eləməlidir. Hansı yolla, necə getməyi özü bilər”.

Sultanov “Neftçi”nin Namik Ələskərovdan asılı vəziyyətdə olmasını düzgün saymır. O, bununla bağlı bir neçə nümunə də göstərib: “Komanda bir futbolçudan asılı olmamalıdır. Messi getdisə, məgər “Barselona” əvvəlki “Barselona” deyil? Messidən əvvəl də o klubdan saysız-hesabsız ulduzlar gedib, dəyişən bir şey olmayıb. Ronaldo “Real”dan getdi, klubun gücü zəifləmədi ki. Namik getdisə, “Neftçi” ondan da yaxşısını gətirə bilər. Bir futbolçuya köklənmək olmaz. Çünki o, iki ildən sonra da gedə bilər. Klub düşünməlidir ki, onun yerini kiminlə dolduracaq. Rəhbərlik bunun üzərində iş aparmalıdır”.

Qeyd edək ki, Namik Ələskərov “Bursaspor”la 2+1 illik müqavilə imzalayıb.