20:49 18-08-2021
news_image
184
FUTBOL

"Məqsədimiz qrupa düşməkdir" - "Aberdin"in baş məşqçisi

"Rəqibimizi dərindən təhlil etmişik, öyrənmişik. Xüsusilə də AEL-lə son oyundan sonra. Bilirik ki, Avropada çox tanınan və uğur qazanan komandadır".

Apasport.az saytının məlumatına görə, bunu Şotlandiya “Aberdin”inin baş məşqçisi Stiven Qlass deyib.

O, Konfrans Liqasının pley-offunda "Qarabağ"la ilk oyunöncəsi Bakıda mətbuat konfransı keçirib. Çalışdırıcı bildirib ki, sabahkı matçda  möhtəşəm oyun gözləyir: "Gözəl stadionda azarkeşlər önündə oynayacağımızdan məmnunuq. "Qarabağ"la şanslarımız eynidir. Məqsədimiz qrupa düşməkdir. Təbii ki, rəqibimizə hörmətimiz böyükdür. Onların avrokubokdakı və çempionatdakı matçlarını tam analiz etmişik. Bilirik ki, heyətlərində millinin bir çox futbolçuları var. Həmçinin keyfiyyətli legionerlərə malikdirlər".

Qlass "Qarabağ" kimi, "Aberdin"in də Avropada tanınan komanda olduğunu vurğulayıb: "Mübarizə 2 görüşdən ibarətdir. İqlimə gəlincə, hava bizə öyrəşmədiyimiz dərəcədə istidir. Amma oyun gün batdıqdan sonra baş tutacaq və sərin olacaq. Gün ərzində maye balansını saxlamağa çalışacağıq. Eyni şərtlər "Qarabağ"da da olacaq".

Abdulla Zubiri fərqləndirən çalışdırıcı digər oyunçuların da güclü olduğunu qeyd edib və onlara qarşı inamlı mübarizə aparacaqlarını bildirib: "Hamısına qarşı komanda şəklində oynamalıyıq. Ramil Şeydayev, Xayme Romero, Filip Ozobiç, Kadi Borqesə qarşı ehtiyatlı olmalıyıq".