22:18 19-08-2021
news_image
237
FUTBOL

"Ortabab komanda olsaydın, bu “Qarabağ”a 0:4 hesabı ilə də uduzardın" - Stefen Qlass

“Bu cür meydançada oyun sərgiləmək çətindir”.

Apasport.az saytının məlumatına görə, bunu “Aberdin”in baş məşqçisi Stefen Qlass Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyundan sonra deyib.

Bakıda baş tutan görüşdə 0:1 hesabı ilə məğlub olan Şotlandiya təmsilçisi avqustun 26-da cavab qarşılaşmasında Azərbaycan klubunu qəbul edəcək.

Oyunsonrası mətbuat konfransında Qlass jurnalistlərin suallarını cavablandırıb.

- Dünən demişdiniz ki, “Qarabağ”dan çəkinmirsiniz. Bugünkü məğlubiyyətdən sonra rəqibdən qorxursunuz?
- Dünən də dediyim kimi, “Qarabağ”a hörmətlə yanaşırıq. Növbəti həftə tam fərqli matç olacaq. Hər iki komanda gözəl oyun göstərəcək.

- Meydança amili daha çox “Qarabağ”a, yoxsa “Aberdin”ə mane oldu?
- Hər iki komandaya təsir etdi. “Qarabağ”ın daha yaxşı meydanda bundan da baxımlı oyun göstərdiyini bilirəm.

- Oyundan əvvəl “Aberdin” rəsmisi bildirmişdi ki, belə meydançadan həvəskarlar liqasında yararlanır...
- Bu, həqiqətə yaxındır. Bizdə həvəskar səviyyədə olan komandalar belə meydançada oynayır. Amma bu, hər iki komanda üçün bir səbəb deyil. Hər iki komanda daha yaxşı meydançada daha gözəl oyun göstərə bilər.

- Bu məğlubiyyətdən sonra şansları necə görürsünüz?
- “Qarabağ”ın gücünə bələdik. Amma bu, duelin ilk hissəsidir. “Qarabağ” növbəti həftə Şotlandiyaya səfər edəcək. Uzun yol gedəcək, onların öyrəşmədiyi mühit olacaq. Bu baxımdan şansları yarı-yarıya hesab edirəm.

- Oyunda sarı vərəqə aldınız. Hakimin bu qərarı ilə razısınız?
- Təbii ki, razı deyiləm. Hakimə etirazımı bildirdim. Zədələnən vaxt oyunçumuzu meydandan kənara çıxardılar. Hakimdən bunun səbəbini soruşdum. Cavabı belə oldu ki, həkim müdaxiləsi uzun çəkdi, bu üzdən kənara çıxmalıdır.

- Yaxşı oynamağınıza “Qarabağ” mane oldu, yoxsa ot örtüyü?
- Hər iki amili qeyd etmək istərdim. “Qarabağ” bura daha çox uyğunlaşıb. İkinci hissədə daha yaxşı oynadıq. Qələbə qazanmaq, bərabərlik topunu vurmaq istəyirdik. Düşünürəm ki, ortabab komanda olsaydın, bu “Qarabağ”a 0:4 hesabı ilə də uduzardın.

- Cavab oyunu ilə bağlı hansı planlarınız olacaq?
- Bazar günü oyunumuz olacaq. “Qarabağ”ı öncədən təhlil etmişik. Bu gün daha çox atletik oyun oldu. Çox futbolçu sarı vərəqə aldı. Növbəti matçda Patrik Andrade iştirak etməyəcək.