22:34 19-08-2021
news_image
369
FUTBOL

"Problemlə üzləşsək, hər hansı dəyişikliyi düşünmək olar" - Qurban Qurbanov

“Futbolçularımı təbrik edirəm. Dünən də demişdim ki, çalışacağıq azarkeşlərimiz razı qalsın”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Aberdin”lə keçirilən ilk oyunu barədə danışarkən deyib.

Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Şotlandiya təmsilçisi üzərində 1:0 hesablı qələbə qazanaraq, avqustun 26-da keçiriləcək cavab matçı öncəsi üstünlük əldə edib.

Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Tam yaxşı oyuna söz vermirdim, bəzi səbəblərə görə. Futbolçularım sona kimi qələbə hesabını qoruya bildi. Oyunboyu çalışdıq oyunu rəqib meydanında quraq. Bilirdik ki, standart vəziyyətlərdə təhlükəlidirlər. Rəqib uzun toplardan çox istifadə edir. Buna hazırlaşmışdıq. Fiziki cəhətdən möhkəm rəqibdir. Cütün taleyi cavab görüşünə qaldı. Yaxşı komandaya qarşı səfərdə daha çox güc sərf etmək, daha yaxşı oynamaq olar. Çalışacağıq oyunu müdafiədən yox, hücumdan quraq. Azarkeşlərə təşəkkür etməmək düzgün olmaz. Çox istərdim ki, bu azarkeşlər səfərdə də bizimlə olsunlar. Hər birinə təşəkkür edirəm”.

- Razı qaldığınızı desəniz də, 90 dəqiqə sanki narazı görünürdünüz. Bu, meydança amili ilə bağlı idi?
- Narazı deməzdim. Sadəcə aqressiv idim. Oyunda səbir çox vacibdir. Futbolçuları diqqətli olmağa çağırırdım.

- Səfər matçında bir aparıcı oyunçunuz olmayacaq. Bu sizə mane olmayacaq? 
- İnşallah, oyunumuzu buna uyğun qurmağa çalışacağıq.

- Meydança amili hansı komandaya mane oldu?
- Nəsə demək çətindir. “Aberdin” fiziki cəhətdən güclüdür, uzun toplardan istifadə edir. Amma topla oynamağı xoşlayırlar. Meydança hər iki komandaya maneçilik törətdi. Səfərdə də meydançanın durumu hər iki tərəf üçün eyni olacaq. Biz qalib gəlmişik. Meydançaya uyğun oyun qurmuşduq. Şotlandiyada da bu cür edəcəyik.

- Komandanız qrupa düşsə, başqa stadionu sifariş etmək planınız var?
- Hər il bu vaxtlar meydança problem olur. Cavab oyunu keçirəcəyik, ondan sonra da xeyli fasilə də olacaq. Meydançanın durumu yaxşılığa doğru getməlidir. Hava sərinləşir, meydançaya baxmaq daha asanlaşacaq. Əgər problemlə üzləşsək, hər hansı dəyişikliyi düşünmək olar.

- Komandaya yeni hücumçunun gəlməsi Ramil Şeydayevə necə təsir edəcək?
- Məncə, daha yaxşı. Rəqabət olacaq, yerini qorumaq üçün daha çox çalışacaq. Bizdə qrafik həddən artıq ağırdır. Yaxşı oyunçulara hər zaman ehtiyacımız var.