00:00 21-08-2021
news_image
344
FUTBOL

Təhlükə - Premyer Liqanın mükafatçılarına

Avrokubokların cari mövsümünün arxada qalan hissəsi Azərbaycan klubları üçün o qədər də yaxşı alınmayıb.

Apasport.az saytının məlumatına görə, mübarizəni davam etdirən “Neftçi” və “Qarabağ” qrupa düşmək şansını saxlasa da, UEFA reytinqindəki mövqeyimiz pisləşib.

Son iki mövsümü 26-cı sırada bitirən, cari futbol ilinə 28-ci başlayan ölkəmiz artıq 30-cu sıraya yuvarlanıb. Düzdür, mövsümün sonunadək durumu yaxşılaşdırmaq olar.

Amma indiki vəziyyət heç də yaxşı gələcək vəd etmir. Əgər Azərbaycan 30-cu pillədə qalsa, Konfrans Liqasındakı üstünlükdən qismən məhrum olacaq.

Söhbət hər üç komandamızın I təsnifat mərhələsindən azad olmasından gedir. 30-cu sıraya yuvarlansaq, Premyer Liqanın gümüş və bürünc mükafatçısı ilk raundda qüvvəsini sınayacaq. Yalnız kubokun qalibi II təsnifat mərhələsini gözləyəcək.

Bu təhlükədən qaçmaq üçün ən azı 28-ci sıranı qaytarmaq lazımdır. Çünki 29-cu yer də ideal sayılmır. 1 pillə irəliləsək, kubokun sahibi ilə gümüş mükafatçı ilk raunddan azad olacaq, 3-cü yerin sahibi isə I təsnifatda çıxış edəcək.

Qeyd edək ki, 2021/22 mövsümünün sonundakı sıralama 2023/24 mövsümünə şamil olunur.