16:08 20-08-2021
news_image
2331
FUTBOL

Qrup mərhələsində 1-ci səbətə doğru – “Qarabağ”

Azərbaycanın avrokuboklardakı ən yaxşı təmsilçisi “Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin püşkatmasında 1-ci səbətdə yer ala bilər.

Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin ilk oyunlarının nəticələri Ağdam təmsilçisinin səbətlərdə yüksəlmə ehtimalını artırıb.

Bunun üçün ilk növbədə Qurban Qurbanovun yetirmələri Bakıda məğlub etdiyi “Aberdin” səddini adlamalıdır. Təmsilçimiz bunu bacarsa, ən pis halda ikinci səbətdə olacaq.

Lakin “Qarabağ” hadisələrin uğurlu axarına ümid edə bilər. Qrupa düşə biləcək 64 komanda arasında 16-cı reytinq xalına malik Ağdam klubu ən azı 8 komandanın burada olmamasını arzulayır.

Onlardan 6-sı Avropa Liqasında oynayır. “Qarabağ”a həmin komandaların qalib gələrək həmin turnirin qrupuna düşməsi sərf edir. “Srvena Zvezda”, “Olimpiakos” və “Seltik” buna doğru böyük addım atıb. “Reyncers”in də tur adlaması gözlənilir. Bu 4 komandadan başqa, “Slaviya” da Konfrans Liqası deyil, Avropa Liqasında qrupa düşmək şansını qoruyur.

Əgər Avropa Liqasının 5 komandası orada qrupa düşsə, “Qarabağ”a cəmi 3 sensasiya lazım olacaq. “Slaviya” isə “Legiya” səddini keçməsə, azarkeşlərimiz 4 sensasiya ümid etməlidir.

Söhbət Konfrans Liqasındakı 9 yüksək reytinqlinin büdrəməsindən gedir. Onların 3-4-nün “ilişməsi” isə real görünür.

İlk görüşlərdə “Tottenhem” və “Gent”in uduzması, “Anderlext” və LASK-ın heç-heçə etməsi “Qarabağ”ı 1-ci səbətə yaxınlaşdırır. Lakin hər şey avqustun 26-dakı cavab görüşlərindən sonra dəqiqləşməlidir ki, həmin matçlara da ümidlə baxmaq olar.

Qeyd edək ki, digər təmsilçimiz “Neftçi” qrupa düşsə, püşkatmada 4-cü səbətdə yer alacağı şübhə doğurmur.

Avropa Liqasında qalıb gəlməli olan 6 klub
“Slaviya” – evdə “Legiya” ilə heç-heçə edib – 2:2
“Srvena Zvezda” – evdə ÇFR-ə qalib gəlib – 4:0
“Olimpiakos” – evdə “Slovan”a qalib gəlib – 3:0
“Reyncers” – evdə “Alaşkert”ə qalib gəlib – 1:0
“Alkmaar” – səfərdə “Seltik”ə uduzub – 0:2
“Seltik” – evdə “Alkmaar”a qalib gəlib – 2:0

Uduzması lazım olan 9 komanda
“Roma” – səfərdə “Trabzonspor”a qalib gəlib – 2:1
“Tottenhem” – səfərdə “Pakuş de Ferreyra”ya uduzub – 0:1
“Bazel” – evdə “Hammarbü”yə qalib gəlib – 3:1
“Kopenhagen” – səfərdə “Sivasspor”a qalib gəlib – 2:1
“Viktoriya” – evdə MOİK-ə (Sofiya) qalib gəlib – 2:0
“Gent” – səfərdə “Rakov”a uduzub – 0:1
“Anderlext” – evdə “Vitess”lə heç-heçə edib – 3:3
LASK – evdə “Sent Conston”la heç-heçə edib – 1:1
“Feyenoord” – evdə “Elfsborq”a qalib gəlib – 5:0