11:01 21-08-2021
news_image
754
FUTBOL

"Neftçi"yə gəl, milliyə dəvət al - Ağabala üçün cəlbedici təklif

“Zirə”nin futbolçusu Ağabala Ramazanovun “Neftçi”yə keçidi ilə bağlı danışıqlar davam edir.

Apasport.az saytının məlumatına görə, Namik Ələskərovun “Bursaspor”una keçidindən sonra ön xətdə ciddi problemlər yaşayan “ağ-qaralar”in qəsəbə təmsilçisinin kapitanına cəlbedici şərtlər təklif etdiyi iddia olunur.

Azərbaycanın ən titullu klubu Ağabalaya əsas heyətdə yer təminatı verməyə hazırdır. Bundan başqa, Ramazanov “Neftçi”yə keçməklə Azərbaycan millisinə dəvət alacaq.

Çünki forvard ölkə futbolunun liderlərindən birinin əsas hücumçusu olmaqla yığmanın çalışdırıcısı Canni de Byazinin də diqqətindən kənar qalmayacaq.  Klub rəhbərliyi hücumçuya yayda xaricdən təklif gələcəyi halda, onu buraxmağı da vəd edib. Sonuncu şərt onu göstərir ki, bu yay Namiklə bağlı yaşanan hadisələrin yenidən təkrarlanması mümkündür.

Bu qədər cəlbedici şərtlər alan Ağabalanın özünün də əlavə istək irəli sürməsi danışıqları müəyyən qədər yubadıb. Futbolçu qardaşı və meneceri Zaur Ramazanova “Neftçi”də hər hansı vəzifə verilməsini tələb edir.

Əslində, “ağ-qaralar” hücumçu problemini çözmək üçün bu şərti də qəbul etməyə hazırdır. Lakin böyük Ramazanovun “Neftçi” ilə eyni sponsora malik AFFA-nın əleyhinə sərt müsahibələr verməsi məsələni yubadır. Belə olan halda, ya Ağabala şərtindən imtina etməli, ya da “Neftçi” həmin müsahibələrə göz yumaraq Ramazanova iş verməlidir.

Qeyd edək ki, Ağabalanın “Zirə”dən ayrılıb “Neftçi”yə keçəcəyi ilə bağlı ilk xəbəri apasport.az saytı verib.