14:11 21-08-2021
news_image
187
FUTBOL

Mövsümdə 1-ci, “Neftçi”dən 5-ci, legionerlərdən 15-ci – tarixdə 20-ci

“Neftçi”nin futbolçusu Yusuf Lavaın dublu yubiley xarakteri daşıyıb.

Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan futbolu tarixində avrokuboklarda 20-ci belə hadisədir.

1994-cü ildə qitə səhnəsinə çıxan komandalarımız bunadək 27 ildə 19 dubla imza atıb. Laval yubiley dublun müəllifi olub.

O, bir oyunda 2 qol vuran 19-cu futbolçudur. Dubl müəlliflərindən yalnız biri 2 dəfə bunu bacarıb.

Bu uğurun müəllifi Baqali Dabodur. O, iki fərqli klubda dubl edib. “Qəbələ”də “Maribor”, “Neftçi”də “Uypeşt” fransalı hücumçunun bacarığına şahid olub.

Maraqlıdır ki, klublarımızın ən yaxşı bombardiri Reynaldo dubl etməyib. O, 11 qolu müxtəlif 11 matçda vurub.

Bu, həm də “Neftçi”də yubiley – 5-ci avrokubok dubludur. Yusufa qədər Vadim Vasilyev, Denis Silva, Baqali Dabo və Vanqelis Platellas fərqlənib.

Göründüyü kimi “Neftçi”də 5 dubldan 4-ü legionerlərin payına düşür. Bu, ümumi dubl sayında da əksini tapır.

20 dubldan cəmi 5 və ya 6-sı yerlilərin, qalanları legionerlərin hesabındadır. 5 və ya 6 məsələsi onunla bağlıdır ki, yerli futbolçular 5, milliləşən legioner 1, tam legionerlər 14 dubl edib. Braziliyalı Riçard Almeydanın milli pasport daşıması onu tam legioner adlandırmağa imkan verməsə də, yerli də saymaq çətinlik yaradır. Əgər onu əcnəbi saysaq, Laval legionerlərin 15-ci dubluna imza atıb

Qeyd edək ki, Laval Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilk oyununda (3:3) dubl edib. İlk dublu eyni rəqiblə 22 il əvvəlki matçda Müşfiq Hüseynov gerçəkləşdirərək “Qarabağ”a 2:1 hesablı səfər qələbəsi qazandırıb.