16:27 21-08-2021
news_image

Erməniyə qalib gələn Cəfərov finalda da erməni ilə güləşəcək – dünya çempionatında

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı sona yaxınlaşır.

Apasport.az saytının məlumatına görə, altıncı yarış günündə daha 4 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.

Nihat Məmmədli 1/8 finalda Hindistan idmançısını çətinlik çəkmədən üstələyib. Tacikistandan olan rəqibinə də heç bir şans tanımayan Məmmədli adını yarımfinala yazdırıb. Ancaq Nihat Rusiya güləşçisiylə bacarmayıb. Milli üzvü avqustun 22-də bürünc medal uğrunda görüşə çıxacaq.

Həsrət Cəfərov dünya çempionatına inamlı start verərək finlandiyalı rəqibini elə ilk hissədə tam üstünlüklə məğlub edib. Həmyerlimiz Gürcüstan güləşçisinə də eyni aqibəti yaşadıb. Cəfərov 1/4 finalda yerli güləşçiylə gərgin keçən mübarizədən də qalib ayrılaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında Fransanı təmsil edən erməni güləşçiylə qarşılaşan həmyerlimiz bu rəqibinə də tam üstünlüklə qalib gəlib.

Xasay Həsənli debütdə İsveçrə güləşçisindən güclü olub. Ancaq 1/4 finalda son Avropa çempionuyla bacarmayıb. Ancaq Gürcüstan pəhləvanı finala yüksəldiyi üçün Xasay təsəlliverici görüşə çıxacaq.

Murad Əhmədiyev ilk görüşdə gürcü həmkarına uduzub.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər avqustun 22-də Bakı vaxtı ilə saat 15:00-da, medallar uğrunda qarşılaşmalar isə 17:00-da başlayacaq.

60 kq
1/8 final: Nihat Məmmədli - Vikas Vikas (Hindistan) 9:0
1/4 final: Nihat Məmmədli - Firuz Mirzərəcəbov (Tacikistan) 8:0
1/2 final: Nihat Məmmədli - Dinislam Bammatov (Rusiya) 0:9
Bürünc medal görüşü: Nihat Məmmədli - Əhməd Baqduda (Misir)/Şerməhəmməd Şaribcanov (Özbəkistan)

67 kq
Təsnifat: Həsrət Cəfərov - Nestori Mannila (Finlandiya) 10:0
1/8 final: Həsrət Cəfərov - Luka Oçiqava (Gürcüstan) 12:3
1/4 final: Həsrət Cəfərov - Muslim İmadayev (Rusiya) 3:2
1/2 final: Həsrət Cəfərov - Qaqik Snjoyan (Fransa) 10:0
Final: Həsrət Cəfərov - Sahak Ovanisyan (Ermənistan)

72 kq
1/8 final: Xasay Həsənli - Mixael Portman (İsveçrə) 5:1
1/4 final: Xasay Həsənli - Giorgi Çixikvadze (Gürcüstan) 0:11
Təsəlliverici görüş: Xasay Həsənli - Andrey Kavalevski (Belarus)

82 kq
1/8 final: Murad Əhmədiyev - Saba Mamaladze (Gürcüstan) 0:11