20:43 22-08-2021
news_image
632
FUTBOL

“Hakim səhvlərindən bezmişəm” - Rəşad Sadıqov

“Maraqlı oyuna şahid olduq”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

39 yaşlı mütəxəssis Premyer Liqanın II turunun “Neftçi” ilə görüşü (1:2) barədə fikirlərini açıqlayıb: “Xüsusilə də ikinci hissədə. İlk hissə isti havaya düşdü. İkinci yarıda intensivlik artdı. Oyun pis getmirdi. Oyunu bərabərləşdirdiyimiz vaxtda qol buraxdıq. Sonra hücumlarımız yaxşı alınırdı. Amma ikinci qolu buraxdıq. Bundan sonra ruhdan düşməyib, fərqi azaltdıq. Amma vaxt yetmədi. “Neftçi”ni təbrik edirəm”.

Sadıqov heyətdəki itkilərdən də danışıb: “Hacılı və Stoilov zədələndi. Hazırlaşdığımız orta sahə yox idi. Həmişə belə olur. Ötən mövsümdə də belə oldu. “Neftçi”yə qarşı oynayırdıq. İstəyərdim ki, rəqib tam heyətlə oynasın. Belədə rəqibin oyununu oxumaq daha asandır. Belə olacağını gözləyirdik. “Neftçi” favorit komandalardandır. Onun ikinci heyəti də güclüdür. Qisməti məcburən ortada oynadırdıq. Zədədən qayıdan Ağabalaya şans verdik. Yeni gələn Lorisi oynatdıq. Heyətə görə məcburuq. Yaxın müddətdə düşündüyüm geniş heyəti formalaşdıra biləcəyimə ümid edirəm. Danışıqlar apardıq, bəzisi alındı, bəzisi yox. Bu, futbolun bir hissəsidir. İlk iki turda favoritlərlə qarşılaşmağımız bəzi dəyişikliklərə məcbur etdi. Bu rəqiblər daha tez başlayıb və oyunlar keçirib”.

Gənc çalışdırıcı hakim səhvlərindən şikayətlənib: “Gənc məşqçiyəm. İkinci mövsümümdür. Bu müddətdə hakim səhvlərindən bezmişəm. 59-cu dəqiqədəki epizoda yenidən baxmaq lazımdır. 3-cü dəqiqədə sarı vərəqə vermək xırda detaldır. Amma bunun nə olduğunu bilirəm. Söhbət tək bu oyundan getmir. “Qarabağ”la ötən tutdakı səhv, ötən mövsümdəkilər... İstəmərəm ki, hakim səhvi ilə qalib gəlim. Hər şey ədalətli olsun. Hakim səhvləri ilə bağlı bir təqdimat hazırlaya bilərəm. İkili standartlar var. Mən hakim səhvlərindən artıq bezmişəm. Silsilə hakim səhvləri nə ilə bağlıdır? Nadir hallarda şərh verən Frits Ştuxlik açıqlama verib ki, “Keşlə” ilə matçda penalti və qırmızı var idi. Gəlin, ədalətli olaq. Ya heç açıqlama verməyək, ya da hər epizoda şərh verək. İki qol buraxsaq da, çox qol imkanı vermədik. Onlar daha dəqiq oldu və qələbə qazandı. Elə şərh verirlər ki, ola bilsin VAR-a da baxanda eyni cür qərar olsun. Mübahisəli epizodlara istənilən cür yanaşmaq olar. Mən sizə iki eyni epizod göstərərəm ki, birində penalti verilir, digərində yox. Fərqli də izah olunur. VAR gələnə qədər belə olmalıdır ki? Belə şeylər nəticəni başqa yerə aparır. Bu xırda səhvlər turnir cədvəlində xala təsir edir”.

Mütəxəssis Velves Santosun erkən əvəzetmənin də məcburi olduğunu bildirib: “İlk oyunu idi. Uzun müddətdir əsas heyətdə 90 dəqiqə oynamayıb. Ondan daha yaxşı oyun gözləyirdim. Çalışıram ki, ilk yarıda əvəzetmə etməyim. Amma rəqibin sol cinahında hücumları artdıqca məcbur erkən əvəzetməyə əl atdım”.