09:52 23-08-2021
news_image
534
FUTBOL

Aciz “Sabah” – mövsümə antirekordla başladı

Azərbaycan Premyer Liqasının startı “Sabah” üçün uğursuz alınıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubu ilk iki oyunda həm xala, həm qola həsrət qalıb.

Ötən tur “Səbail”dən bir qol buraxan paytaxt təmsilçisi bu dəfə “Sumqayıt” önündə aciz qalıb. Sabaha ümid edən “Sabah” buraxılan qol sayında “artım”a nail olub. Ramin Quliyevin yetirmələri bu dəfə bir deyil, iki cavabsız qol buraxıb.

Bu, Premyer Liqada 4-cü mövsümünü keçirən klub tarixində ən acınacaqlı startdır. Bakılılar əvvəlki üç mövsümün hamısının startında xal toplayıb.

2018/19 və 2020/21 mövsümündə ilk iki tur “Sabah”a üç xal gətirib. 2019/20 mövsümündə isə komanda bir xalla kifayətlənib.

Elə qol sayı da fərqli olub. Ötən çempionatda 3, 2018/19 mövsümündə 2 dəfə fərqlənən “Sabah” 2019/20 mövsümündə 1 dəfə rəqib qapısına yol tapıb.

Bu dəfə isə “Sabah”ın “sabahı xeyirli açılmayıb”. İki oyunda həm qol sayı, həm xal sayı “0”a bərabərdir.

“Sabah”ın startı
2018/19 – “Keşlə” 1:0, “Sumqayıt” 1:4
2019/20 – “Neftçi” 1:1, “Keşlə” 0:1
2020/21 - “Qarabağ” 0:2, “Qəbələ” 3:0
2021/22 – “Səbail” 0:1, “Sumqayıt” 0:2