10:02 24-08-2021
news_image
917
FUTBOL

“Müdafiəçiləri sındırıb fantastik qola imza atdı” - Mahir ən yaxşılar sırasında

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubunun ən yaxşılarından biri seçilib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsinin “Slaviya” ilə Çexiyadakı matçının (2:2) ən yaxşısı hesab olunub.

Polşanın “legia.net” saytının redaksiyası qarşılaşmanın analizini aparıb. Görüşdə iştirak edən futbolçulardan 8-i ən yüksək “7” qiymətinə layiq görülüb.

Həmkarlarımız onlardan birini – hesabı açan Emrelini matçın qəhrəmanı hesab edib: “O, müdafiəçiləri sındırıb fantastik qola imza atdı. Azərbaycanlı komandaya yalnız qolla kömək etməyib. O, ikinci hissədə topu yaxşı saxlayırdı. Bu da rəqibin Polşa komandasının qapısına az həmlə etməsinə səbəb idi. Çünki topa daha çox meydanın mərkəzində azərbaycanlı hücumçu nəzarət edirdi. Mahirə ön xətdə tək çətin idi. Amma yalnız bir neçə səhv etdi. O, Praqada komandanın ən yaxşısı idi. İlk dəqiqələrdən meydana ona görə çıxmışdı ki, Pekhart isinmə hərəkətləri zamanı zədələnmişdi”.

Paralel olaraq azarkeşlər arasında aparılan səsvermə də yekunlaşıb. Varşava təmsilçisinin azarkeşləri Mahirin bu qarşılaşmadakı çıxışını 7,60 xalla qiymətləndirib.

Emreli komandasının üç ən yaxşısından biri olub. Yalnız Mayk Navrotski (8,01) və Yosip Yuranoviç (7,77) daha yüksək qiymətə layiq görülüb.