15:30 25-08-2021
news_image
339
FUTBOL

“Legiya” “Qarabağ”la oynasa, əsas heyətdə olmaq istəyərəm” - Mahir Emreli

“İlk oyunda qol vuranda Tomaş Pekharta tərəf qaçmağı öncədən planlaşdırmırdım. Amma qol vuranda bunu ona həsr etmək üçün gözəl imkan düşmüşdü”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və Polşa “Legiya” klubunun futbolçusu Mahir Emreli deyib.

24 yaşlı hücumçu Avropa Liqasının pley-off mərhələsinin Çexiya “Slaviya”sı ilə ev oyununa həsr olunan mətbuat konfransında fikirlərini bölüşüb: “Bu, çox emosional alındı. Əsas heyətdə məhz o oynamalı idi. Başa düşürdüm ki, o, sabiq komandasına qarşı oynamaq istəyir. Tomaş həqiqətən də bunu istəyirdi. Onun üzündəki üzüntünü gördüm. Əgər “Legiya” “Qarabağ”la oynasa, mən də əsas heyətdə olmaq istəyərəm”.

Mahir qol vurmağa çalışacağını qeyd edib: “Hücumçu qol vurmalıdır. Amma mənim üçün həmişə “Legiya”nın qələbəsi daha vacib olub. Məsələn, daim Fransa yığmasında oynayan, komandaya kömək edən, amma heç də həmişə qol vurmayan Olivye Jirudan xoşum gəlir. Hər məşq daha yaxşı olmağa və taktikamızı dərk etməyə kömək edir. Həmişə inkişaf edirəm. Varşavada özümü əla hiss edirəm. Ledi Pankın mahnılarını bəyənirəm. Xüsusilə də "Kryzysova nrzeczona" mahnısını. Bu barədə Kuba Jezniçakdan da eşitmişəm”.