17:53 25-08-2021
news_image
257
FUTBOL

“Azərbaycanla oyunda hədəfim qalib gəlməkdir” - Lük Holts

“Yeni stadionda oynamaq yeni gözləntilər deməkdir”.

Apasport.az saytının məlumatına görə, bunu Lüksemburq millisinin baş məşqçisi Lük Holts deyib.

Təcrübəli mütəxəssis DÇ-2022-nin seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunları ərəfəsində fikirlərini açıqlayıb. Ayın 1-də Azərbaycan millisi ilə görüş “Stad de Lüksemburq” arenasının açılışı olacaq.

Holts yeni idman qurğusunun premyerasını qələbə ilə qeyd etməkdən danışıb: “Bu həm də bizim üçün yeni çağırışdır. Stadiondakı ilk matçda üç xal qazanmağa çox şad olaram. Əlbəttə, hər şey tamamilə yeni olanda atmosfer də fərqli olur”.

Holts heyətə də toxunub: “17 yaşlı İvandro Borqes heyəti genişləndirmək üçün deyil, gücləndirmək üçün gəlib. Mənim hədəfim qalib gəlməkdir. Futbolçuların yaşının 17 və ya 35 olmasının fərqi yoxdur”.

Mütəxəssis lüksemburqlu futbolçuların avrokuboklardakı uğurlarına sevindiyini də gizlətməyib: “Veteranlar Jerson Rodriges, Kristofer Martins Çempionlar Liqasının qrupunda oynayacaq. Onlara görə sevinirəm. Karyeraları heç də asan keçməyib. Əziyyətlərinin bəhrəsini görürlər”.