23:12 26-08-2021
news_image
1336
FUTBOL

“Qarabağ” oyunçu gətirir, hədəfləri var” - Samir Abasov

“Oyunun ilk dəqiqələrindən təhlükəni hiss etdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

43 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyunundakı biabırçı məğlubiyyətə şərh verib: “Yusuf Lavalın yoxluğu özünü göstərir. Oyunçu çatışmazlığı özünü göstərir. Komandanın oyundan düşməsi təsir etdi. Üzücü olsa da bu da təcrübə olacaq. Nələr baş verdiyini görürsünüz. Biz belə heyətlə bu cür rəqiblə nəsə etdiyimizi düşünürüksə, şansa, möcüzəyə ümid etməliyik. Günahkar axtarmaq nə dərəcədə düzdür? Ən yaxşısı pisdən nəticə çıxarıb yolumuza çempionatda davam etməliyik”.

Abasov futbolçu çatışmazlığından şikayətlənib: “Belə rəqibə qarşı istədiyin futbolçular oynamırsa, alababat “11-lik” qurursan. Sonra da Fəhmin, Mert, Harramizdə sıxıntılar görünür. Xoşagəlməz şeylərdir. Bəzilərini təcrübəsizliklə əlaqələndirmək olar. Amma onlarla söhbətdən sonra nələr baş verdiyini dəqiq bilmək olar. Heyətimiz belə turnirlər üçün yetərli olmadığı üçün uduzduq”.

Mütəxəssis məğlubiyyəti problemlərlə əsaslandırıb: “Belə məğlubiyyət pis təsir edə bilər. Onların nə hiss etdiyini bilirəm. Komandanın içində problem yoxdur. Meydanda bir-birlərini başa düşməmək olar. Bu da onların keyfiyyəti ilə bağlıdır. Matçı dəyişmək imkanların olmalıdır. Rəqiblər bunu oyunçu dəyişikliyi ilə edə bilir. Biz isə əvəzetməni kimlərsə yorulduğu üçün edirik. “Qarabağ” oyunçu gətirir, hədəfləri var. Buna doğru gedir. Biz isə belə olacağını bilirdik. HİK-lə görüşdən sonra bizə siqnallar gəlmişdi. Emin Mahmudov olmasa necə olacaq? Onu az qala “ölü” vəziyyətdə meydana buraxmışdıq. Əfsuslar olsun ki, uduzduq. Bundan nəticə çıxarmalıyıq”.

Qeyd edək ki, Bakıda 3:3 hesablı heç-heçə edən “Neftçi” rəqib meydanında darmadağına üzülüb - 0:4.