11:33 27-08-2021
news_image
1037
FUTBOL

Avropada ən yaxşı bombardirimiz – “11” nömrə “10”a çatdı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu avrokuboklarda ən çox qol vuran Azərbaycan futbolçusu adına sahib çıxıb.

O, bunu “Legiya”nın heyətində rəsmiləşdirib. Bu rekord Polşa çempionunun Çexiya “Slaviya”sı ilə Avropa Liqasındakı qarşılaşmada gerçəkləşib.

Mahir pley-offun cavab oyununda (2:1) dubl edib. 

Bu matçadək onun aktivində avrokuboklarda 8 qol var idi. Emreli “Qarabağ”da 5, “Legiya”da 3 qol vurub.

O, avrokuboklarda ən çox qol vuran azərbaycanlılardan biri idi. Rəşad Sadiqov, Emin Mahmudov və braziliyalımız Riçard Almeydanın da hesabında eyni sayda qol var idi.

“Slaviya” ilə Varşavadakı matçda vurulan ilk top Mahir üçün 9-cu olub. O, bu qolla Azərbaycan futbol tarixinin Avropadakı ən yaxşı bombardiri olub.

Ardınca dublunu rəsmiləşdirən Mahir yubiley – 10-cu avrokubok qoluna imza atıb. O, həm də bunu bacaran ilk Azərbaycan futbolçusu oldu.

Düzdür, təkcə Azərbaycan klublarının heyətində 11 qol vuran futbolçu da olub. Lakin braziliyalı Reynaldonun milliləşdirilməsi dəfələrlə gündəmə gəlsə də, bu, reallaşmayıb. Onun əcnəbi statusunda qalması isə Mahirin mütləq rekordçu olmasına zəmin yaradıb. Hərçənd, hazırda əla formada olan və potensialını daha da açacağı inandırıcı görünən Emrelinin Reynaldonu keçməsi də zamanın işidir. Onun qol sayını yaxın müddətdə daha da artıracağına şübhə yoxdur.

Vüqar XEYRULLAYEV