00:00 28-08-2021
news_image
463
FUTBOL

İlham Yadullayev Premyer Liqa klubunda? – ilk istefa rəsmiləşə bilər

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümündə ilk baş məşqçi istefası gerçəkləşə bilər.

Apasport.az saytının məlumatına görə, ilk qurbanın Sənan Qurbanov olacağı gözlənilir.

Ötən mövsüm “Keşlə” ilə Azərbaycan kubokunu qazanan 41 yaşlı mütəxəssisin postu ardıcıl 4 məğlubiyyətdən sonra laxlayıb. Bakı klubu Konfrans Liqasında hər iki matçda uduzaraq avrokuboklarla erkən vidalaşıb.

Paytaxt təmsilçisi Premyer Liqaya da iki yenilgi ilə start verib. Bütün bunlar klubun prezidenti Zaur Axundovun səbir kasasını daşırıb.

O, rəhbərlik etdiyi komandanın iddiasız olmasından narazı qalıb. Axundovun artıq yeni baş məşqçi axtarışına çıxdığı da iddia edilir. “Keşlə”nin baş məşqçi postuna əsas namizəd isə İlham Yadullayev sayılır. 

Son iş yeri I divizionda gün keçirən “Turan Tovuz” klubu olan çalışdırıcı da Premyer Liqa təmsilçisinə rəhbərlik etməyin əleyhinə deyil. “Keşlə”nin baş məşqçi məsələsinə yaxın günlərdə aydınlıq gətirəcəyi gözlənilir.